Baş xəbərMədəniyyət

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Bugun.tv xəbər verir ki, kinorejissor Faiq Nağıyev Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Hesablama Palatasına müraciət edərək Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) fəaliyyəti ilə bağlı suallar ünvanlayıb.

Rejissor bu barədə özünün sosial şəbəkə səhifəsində paylaşım edib. O, ARKA-ya ayrılan vəsaitlərin bölüşdürülməsi, bəzi şirkətlərin dövlət sifarişləri alması və təqdim etdiyi “Həsrət” tammetrajlı bədii film layihəsinin qəbul edilməməsi ilə bağlı narazılığını ifadə edib.

Faiq Nağıyev qeyd edib ki, qanunvericiliyə əsasən, şirkətin dövlət sifarişi alması üçün ən azı üç illik fəaliyyət dövrünün olması tələb olunur. O, yeni yaradılmış şirkətlərin 600 min manatdan yuxarı məbləğdə sifariş almasını, daha sonra həmin sifariş üçün əlavə 200 mindən artıq vəsait ayrılmasını sual edib.

Kinorejissor Dövlət Satınalmaları sahəsində də bununla bağlı araşdırma aparılmasının vacibliyini bildirib:

“Bu şirkətlərdən, bu şəxslərdən başqa film sahəsində çalışan yoxdur?”

Nağıyev həmçinin ARKA-ya müraciət edərək təqdim etdiyi “Həsrət” filminin niyə qəbul edilmədiyini soruşub. Onun sözlərinə görə, filmin ssenarisində Qarabağ atı, Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi əks olunur.

Rejissor hesab edir ki, ARKA-nın fəaliyyəti və dövlət büdcəsindən film layihələrinə ayrılan vəsaitlərin necə xərclənməsi ilə bağlı ictimaiyyətə daha ətraflı məlumat verilməlidir. O, həmçinin ARKA-nın yaranmasından bu günə qədər maliyyələşdirdiyi filmlərin hansı nəticələr əldə etdiyini soruşub və vəsaitlərin eyni şəxslərə ayrılması məsələsini gündəmə gətirib.

Faiq Nağıyev Mədəniyyət Nazirliyi və ARKA tərəfindən ona qarşı şəxsi qərəz olub-olmadığını da sual edib. O bildirib ki, öz hesabına film istehsal etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə filmin yayım vəsiqəsini ala bilmədiyini iddia edir.

Rejissor daha əvvəl “Kəklik otu” adlı filmlə bağlı da sual verərək, həmin filmdə narkotik vasitələrin nümayişinə icazə verildiyini düşündüyünü, öz filmində isə qəbiristanlıqda qohumlarının məzarlarının görünməsinə etiraz edilməsini anlaşılmaz hesab etdiyini yazıb.

Nağıyev paylaşımında “Həsrət” filminin ssenarisinin sinopsisini də təqdim edib və Azərbaycan ictimaiyyətindən əsərlə bağlı fikir bildirmələrini istəyib.

“Həsrət” filminin süjeti

Yazıçı-dramaturq və ssenarist Aygün Həsənoğlunun müəllifi olduğu ssenari Qarabağ atının Vətən həsrətindən bəhs edir.

Əsərin əsas qəhrəmanı Qaragöz adlı Qarabağ atıdır. Şuşada yaşayan ailənin sevimli atı olan Qaragöz Cıdır düzündə yarışlara qatılır. Şuşanın işğalı zamanı isə əsir götürülərək İsveçə aparılır.

İsveçdə yaşayan Armen Qarabağ atı ilə yarış qazanmaq istəyir. Lakin Qaragöz Vətən həsrətindən yeməkdən və sudan imtina edir. Ona Qarabağdan gətirilmiş saman və su verildikdən sonra at yeməyə başlayır.

Bir müddət sonra Qaragöz yarışa çıxır və bütün rəqiblərini geridə qoyur. Lakin finişdə Armenin ermənicə “Qələbə! Qazandım!” deməsi atın diksinməsinə səbəb olur. Qaragöz sahibini belindən ataraq finiş xəttini tək keçir və daha sonra qarşısındakı yaşıllığı Cıdır düzü hesab edərək Vətənə çatmaq istəyirmiş kimi qaçmağa davam edir.

At sonda gücdən düşür və ölür. Hadisəni izləyən azərbaycanlı gənc Qaragözün Qarabağ atı olduğunu və onun Vətən həsrətindən öldüyünü bildirir. Bu hadisə beynəlxalq medianın diqqətini çəkir və Qarabağ atı haqqında xəbərlər yayılır.

Ssenarinin davamında 27 il sonra Azərbaycanın Zəfəri və Şuşanın azad olunması təsvir edilir. Cıdır düzündə keçirilən Zəfər bayramında Qarabağ atlarının yeni nəsli nümayiş olunur.

Faiq Nağıyev bildirir ki, “Həsrət” Qarabağ atları haqqında ilk bədii film ssenarisidir və hadisələrin atın gözü ilə müharibə fonunda təqdim olunmasını nəzərdə tutur.

Qeyd edək ki, rejissorun paylaşımında səsləndirdiyi iradlar və iddialar onun şəxsi mövqeyidir. ARKA və digər aidiyyəti qurumların bu məsələlərlə bağlı mövqeyi təqdim olunarsa, onu da yayımlamağa hazırıq.

Kinorejissor Faiq Nağıyev
Elnarə Dərziyeva

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Pezeşkianla SEPAH arasında qarşıdurma dərinləşir

Aynur Camal

Azərbaycanda orta pensiya 594 manata çatdı

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu