Ukrayna Avropa Birliyi tərəfindən ayrılan iri maliyyə dəstəyinə baxmayaraq, ciddi müdafiə büdcəsi çatışmazlığı ilə üzləşir. Bu barədə The Kyiv Independent nəşri məlumat yayıb.
Qəzetin əldə etdiyi Avropa Komissiyası sənədlərinə əsasən, Ukraynanın 2026-cı il üçün müdafiə sahəsində çatışmazlığı 19,6 milyard avro təşkil edir. Bu rəqəm artıq ayrılmış 86,7 milyard avro və Aİ-nin Kiyevə ayırdığı 90 milyard avroluq kredit çərçivəsində gözlənilən əlavə vəsaitlərə baxmayaraq qalmaqdadır.
Məlumata görə, Ukraynanın 2026-cı ildə ümumi müdafiə ehtiyacları 134,6 milyard avroya çatır. Bu göstərici 2025-ci illə müqayisədə əhəmiyyətli artım deməkdir.
Valdis Dombrovskis bildirib ki, hazırda mülki sektor üçün maliyyə ayrılır, lakin əlavə gəlir mənbələri tapılmasa, Ukrayna 2027-ci ildə daha ciddi maliyyə çətinlikləri ilə üzləşə bilər. Beynəlxalq Valyuta Fondu isə Ukraynanın büdcə kəsirinin qarşılanması üçün gələcəkdə Aİ-dən əlavə maliyyə dəstəyi alacağını proqnozlaşdırır.
Eyni zamanda bildirilir ki, Aİ ölkələri Kiyev üçün 90 milyard avroluq yardım paketini təsdiqləyib. Bu qərar Macarıstan və Slovakiyanın əvvəlki etirazlarının aradan qaldırılmasından sonra qəbul olunub.
Məsələnin arxa fonunda isə enerji marşrutları ilə bağlı gərginlik dayanır. Belə ki, Drujba boru kəməri vasitəsilə neft tranzitinin dayandırılması bu ölkələrin narazılığına səbəb olmuşdu.
Mənbə: TASS
