Bugun.tv xəbər verir ki, Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi hava zərbəsi nəticəsində bir qadın həlak olub, üç nəfər isə yaralanıb.
Reuters agentliyinin yaydığı məlumata görə, Kiyev meri Vitali Kliçko hücum zamanı paytaxtın sol sahilində yerləşən metro stansiyasına və 25 mərtəbəli yaşayış binasına ziyan dəydiyini bildirib. Qeyri-yaşayış obyektləri və tibb müəssisəsi də hücumdan zərər çəkib.
Agentliyin müxbiri şəhərdə partlayış səslərinin eşidildiyini bildirib. Hücumun miqyası və dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə məlumatlar açıqlanmayıb.
Ukrayna prezidenti Volodimir Zelenski isə ABŞ-nin Ukraynaya Rusiya raketlərinin hücumlarından müdafiə olunmağa kömək edən mühüm kəşfiyyat məlumatlarını paylaşmağı qısa fasilədən sonra bərpa etdiyini bildirib. Bu məlumatlar mümkün raket zərbələri barədə əvvəlcədən xəbərdarlıq edilməsinə kömək edir.
Mənbə: Reuters
