Bugun.tv xəbər verir ki, alimlər həddindən artıq isti hava ilə mübarizə üçün kondisionerlərə alternativ ola biləcək yeni üsul hazırlayıblar. Mançester Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan sistem damlarda toplanan yağış suyunun isti havalarda avtomatik şəkildə binaların səthinə püskürdülməsi prinsipinə əsaslanır.
Bu üsul sayəsində damlar daha sərin qalır, binanın daxilinə daxil olan istilik azalır və kondisionerlərdən istifadə ehtiyacı aşağı düşür. Kondisionerlərin daha az işləməsi isə onların ətrafa yaydığı artıq istiliyin azalmasına və nəticədə şəhərlərin ümumi temperaturunun aşağı düşməsinə kömək edir.
Araşdırmanın ən maraqlı nəticələrindən biri isə soyutma üçün daha çox suyun istifadəsinin hər zaman daha yaxşı nəticə verməməsidir. Alimlərin fikrincə, əsas məsələ sistemin damın temperaturuna uyğun olaraq düzgün vaxtda işə salınmasıdır.
Bundan əlavə, damlarda yağış suyunun toplanması güclü leysanlar zamanı şəhərlərdə su basması və daşqın riskinin azaldılmasına da kömək edə bilər.
Tədqiqatçılar bildirirlər ki, qlobal temperatur artdıqca yağış suyundan istifadə etməklə soyutma sistemlərinin əhəmiyyəti daha da artacaq. Bu üsul elektrik enerjisinə tələbatı və karbon emissiyalarını azaltmaqla yanaşı, gələcəyin ekoloji şəhərlərinin qurulmasında da mühüm rol oynaya bilər.

Mənbə: EnSonHaber
