Bugun.tv xəbər verir ki, Fransanın Korsika adasında nadir atmosfer hadisələrindən biri olan “Qırmızı cin” (Red Sprite) fotoqraf tərəfindən lentə alınıb. Güclü tufanların üzərində yaranan nəhəng qırmızı işıq quruluşu gecə səmasında qeyri-adi mənzərə yaradıb.
“Ensonhaber” nəşrinin məlumatına görə, fotoqraf Florian Riou bu görüntünü Korsikanın Kalvi şəhəri yaxınlığındakı Montemacore kəndindən çəkib. Təxminən 500–700 kilometr uzaqlıqda, Barselona ətrafında baş verən güclü tufanların üzərində yaranan işıq parıltısı fotoda kəndin düz üzərində görünürmüş kimi əks olunub.
“Qırmızı cin” necə yaranır?
“Qırmızı cin” adi şimşəkdən fərqli olaraq, buludlarla yer arasında deyil, atmosferin təxminən 50–90 kilometr yüksəklikdə yerləşən mezosfer qatında meydana gəlir. Bu hadisə elmi ədəbiyyatda müvəqqəti işıq hadisələri qrupuna daxil edilir.
Güclü, müsbət elektrik yüklü ildırım boşalmaları atmosferin yuxarı qatlarında elektrik sahəsi yaradır. Bu sahənin təsiri ilə seyrək hava şəraitində elektrik boşalması baş verir və qırmızı rəngli işıq quruluşu yaranır. Qırmızı rəng atmosferdəki azot molekullarının elektrik təsiri ilə həyəcanlanması nəticəsində meydana gəlir.
İşıq parıltısı cəmi bir neçə millisaniyə davam edir
“Qırmızı cin”lər çox vaxt nəhəng meduzanı və ya yerkökünü xatırladan formalarda görünür. Bəzi hallarda işıq quruluşunun aşağı hissəsindən mavi rəngli qollar da uzana bilir.
Bu hadisələr cəmi bir neçə millisaniyə davam etdiyindən onları adi gözlə müşahidə etmək olduqca çətindir. Buna görə də görüntülərin qeydə alınması üçün güclü tufanların olduğu istiqamətdə açıq mənzərə və işığa həssas kamera tələb olunur.
Alimlər bu hadisənin ilk etibarlı görüntülü sübutunu 1989-cu ildə əldə ediblər. Mütəxəssislər “Qırmızı cin”in təbii atmosfer elektrik boşalması olduğunu və onun kosmosdan gələn cisimlərlə əlaqələndirilməməli olduğunu bildirirlər.
Mənbə: Ensonhaber
