Avstriyanın sabiq xarici işlər naziri, hazırda Sankt-Peterburq Dövlət Universitetinin GORKI Mərkəzinin direktoru Karin Knaysl Livandakı vəziyyətlə bağlı sərt açıqlama verib.
O, TASS-a müsahibəsində bildirib ki, Livan ağır humanitar və təhlükəsizlik böhranı ilə üz-üzədir və beynəlxalq ictimaiyyətin buna demək olar ki, reaksiya vermədiyini vurğulayıb.
Knaysl qeyd edib ki, üç il əvvəl Livanda yaşadığı dövrdə ölkənin belə genişmiqyaslı dağıntılarla üzləşəcəyini təsəvvür etmirdi. Onun sözlərinə görə, uzun illər davam edən siyasi və iqtisadi böhran səbəbindən Livan cəmiyyəti artıq tükənmiş vəziyyətdə idi.
Sabiq nazir bildirib ki, hazırda Livanda baş verənlər onu dərin sarsıntıya salıb. O, hələ də bu ölkədə dostlarının yaşadığını, lakin bəziləri ilə artıq əlaqə saxlaya bilmədiyini deyib.
Knaysl həmçinin beynəlxalq ictimaiyyətin Yaxın Şərqdə baş verən hadisələrə münasibətini tənqid edib. Onun fikrincə, həm Livanda, həm də Qəzza və İordan çayının qərb sahilində yaşanan hadisələr fonunda dünyanın səssiz qalması ciddi narahatlıq doğurur.
“Dünya Livanda, Qəzzada və Qərb Sahilində baş verənlərə necə susqun qala bilər?” – deyə Karin Knaysl sual edib.
Mənbə: TASS
