Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin iştirakı ilə mümkün üçtərəfli görüş beynəlxalq siyasi gündəmdə maraq doğursa da, bu təmaslardan ciddi strateji qərarların qəbul olunacağı gözlənilmir.
Bu fikirləri siyasi ekspert, Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşdığı şərhdə səsləndirib.
Ekspertin fikrincə, Rusiya belə bir görüşü müəyyən mənada ikinci Yalta konfransı kimi təqdim etməyə çalışır. Moskvanın əsas məqsədi beynəlxalq münasibətlər sistemində əvvəlki təsir imkanlarını bərpa etmək, fövqəldövlət statusunu möhkəmləndirmək və beynəlxalq təcriddən çıxmaqdır.
Məhəmməd Əsədullazadə hesab edir ki, Vladimir Putin üçün ABŞ və Çin kimi dünyanın aparıcı güclərinin liderləri ilə eyni masa arxasında əyləşmək mühüm siyasi fürsət ola bilər. Kreml belə bir görüşü Rusiyanın beynəlxalq nüfuzunun və diplomatik mövqeyinin göstəricisi kimi təqdim etməyə çalışacaq.
Lakin ekspert vurğulayır ki, tərəflərin fundamental geosiyasi və iqtisadi maraqları üst-üstə düşmədiyindən, üç ölkə arasında ciddi strateji razılaşmaların əldə olunması real görünmür. Onun sözlərinə görə, Çin öz maraqlarını qorumağa çalışır və dünyanın təsir dairələrinə bölünməsi istiqamətində razılaşmada maraqlı deyil. ABŞ-ın da Rusiya-Ukrayna müharibəsi, nüvə təhlükəsizliyi və digər qlobal məsələlərdə Moskva və Pekinlə fərqli mövqeləri mövcuddur.
Ekspert ABŞ-dakı daxili siyasi vəziyyətin də Donald Trampın beynəlxalq siyasətinə təsir göstərə biləcəyini qeyd edib. Onun fikrincə, Konqresdə demokratların mövqelərinin güclənməsi və respublikaçıların siyasi manevr imkanlarının məhdudlaşması Tramp üçün əlavə çətinliklər yarada bilər.
Məhəmməd Əsədullazadə ehtimal edir ki, mümkün görüşdə Ukrayna müharibəsi, nüvə təhlükəsizliyi və İran ətrafında yaranmış vəziyyət müzakirə oluna bilər. Bununla belə, bu təmasların konkret və uzunmüddətli strateji razılaşmalarla nəticələnəcəyini gözləmir.
Siyasi ekspert mümkün üçtərəfli görüşün Yalta və Potsdam konfransları ilə müqayisə edilməsini də düzgün hesab etmir. O bildirir ki, müasir beynəlxalq münasibətlər sistemi, geosiyasi reallıqlar və böyük dövlətlərin maraqları İkinci Dünya müharibəsindən sonrakı dövrdən tamamilə fərqlənir.
Ekspertin qənaətinə görə, belə bir görüş daha çox siyasi dialoq və diplomatik təmas xarakteri daşıyacaq, Rusiya-Ukrayna müharibəsinin və ABŞ-İran qarşıdurmasının gedişinə həlledici təsir göstərməyəcək.
