Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ və Türkiyə arasında münasibətlərin yeni strateji mərhələyə keçdiyini bildirib.
Bugun.tv xəbər verir ki, ekspert bu barədə sosial media hesabında paylaşım edib.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, NATO-nun Türkiyədə keçirilən zirvə toplantısında ABŞ Prezidenti Donald Trampın iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüş Vaşinqton-Ankara münasibətlərində yeni mərhələnin başlanğıcı hesab oluna bilər.
Ekspert qeyd edib ki, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi bəzi sanksiyaların aradan qaldırılması, CAATSA məhdudiyyətlərinin yumşaldılması, Ankaranın F-35 proqramına qayıdışı və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı əldə olunan razılaşmalar iki ölkə arasında hərbi-strateji əməkdaşlığın dərinləşdiyini göstərir.
Onun fikrincə, ABŞ Yaxın Şərq siyasətində Türkiyənin roluna daha çox önəm verməyə başlayır və Ankaranı regionda əsas strateji tərəfdaşlardan biri kimi görür. Əsədullazadə bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyənin F-35 proqramına qayıdışına və regiondakı rolunun genişlənməsinə qarşı çıxmaq cəhdlərinə baxmayaraq, Vaşinqtonun bu məsələdə İsrailin mövqeyini qəbul etməyəcəyi gözlənilir.
Siyasi ekspert hesab edir ki, ABŞ-Türkiyə münasibətləri yeni dünya siyasi düzənində daha strateji xarakter alacaq. Onun sözlərinə görə, tərəflər Yaxın Şərqin təhlükəsizliyi, enerji və nəqliyyat layihələri, eləcə də regional sabitliyin qorunması istiqamətində əməkdaşlığı daha da genişləndirəcəklər. Bununla yanaşı, Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz hövzəsində də ABŞ-Türkiyə strateji əməkdaşlığının güclənəcəyi proqnozlaşdırılır.
Əsədullazadə vurğulayıb ki, bu proses Rusiyanın regiondakı təsir imkanlarının məhdudlaşmasına gətirib çıxara və Türkiyənin həm regional, həm də beynəlxalq müstəvidə geosiyasi çəkisini daha da artıra bilər. Onun fikrincə, ABŞ üçün Türkiyə getdikcə daha etibarlı və önəmli strateji tərəfdaşa çevrilir.
Ekspert əlavə edib ki, bu tendensiya Azərbaycanın milli maraqlarına da uyğundur. Xüsusilə enerji və nəqliyyat layihələri, o cümlədən Zəngəzur dəhlizi və digər regional təşəbbüslər baxımından ABŞ-Türkiyə-Azərbaycan əməkdaşlığının yeni səviyyəyə yüksəlməsi üçün əlavə imkanlar yaranır.

