Siyasi ekspert, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə İran-Azərbaycan münasibətləri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Bugun.Tv xəbər verir ki, ekspert Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ilə görüşünü şərh edib.
Məhəmməd Əsədullazadə bildirib ki, görüş zamanı Möhsün Rzainin salamlaşma tərzi diplomatik etiketə uyğun olmayan davranış kimi diqqət çəkib. Ekspertin sözlərinə görə, SEPAH generallarından biri olan Rzainin və ümumilikdə bu qurumun Azərbaycana münasibəti uzun müddətdir birmənalı deyil və SEPAH nümayəndələri dəfələrlə Azərbaycana qarşı qeyri-konstruktiv mövqe nümayiş etdiriblər.
Ekspert eyni zamanda Şahin Mustafayevin İran Prezidenti tərəfindən yüksək səviyyədə qarşılandığını və bunun Azərbaycan-İran münasibətlərinə verilən önəmi göstərdiyini qeyd edib. Onun fikrincə, prezident səviyyəsində nümayiş etdirilən münasibətlə SEPAH generalının davranışı arasında fərq müşahidə olunur.
Məhəmməd Əsədullazadə hesab edir ki, İranın siyasi sistemində Azərbaycanla münasibətlərə fərqli yanaşan qüvvələr mövcuddur. O, İranın Azərbaycanla bağlı siyasətində yalnız bəyanatların deyil, konkret davranışların və real münasibətlərin əsas götürülməli olduğunu vurğulayıb.
Ekspert Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində İran və Rusiya arasında tranzit əlaqələrinin formalaşmasına töhfə verdiyini, həmçinin ABŞ-İran qarşıdurması dövründə İrana siyasi və humanitar dəstək nümayiş etdirdiyini xatırladıb.
Onun sözlərinə görə, belə bir şəraitdə İranın qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlərini qarşıdurma deyil, qarşılıqlı əməkdaşlıq və etimad üzərində qurması daha konstruktiv yanaşma olardı. Məhəmməd Əsədullazadə bildirib ki, İranın hərbi elitasının əks mövqeyi ölkəni daha dərin strateji böhrana sürükləyir və “İran Azərbaycana nümayiş etdirdiyi bu davranışın cavabını almalıdır”.
