“Azərbaycan və Macarıstan arasındakı əlaqələr 1992-ci ildə qurulub və diplomatik əlaqələr qurulandan sonra ölkələrimiz arasında münasibətlər inkişaf etməyə başlayıb. Son zamanlar cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət şaxələndirmiş balanslı siyasət olaraq ölkəmizə kifayət qədər dostlar qazandırır. Avropa İttifaqı üzvü olan Şərqi Avropanın qabaqcıl ölkələrindən biri olan Macarıstan ilə ikitərəfli və çoxtərəfli münasibətlərimiz zaman ötdükcə yüksələn xətlə inkişaf etməkdədir”.
Bugun.tv -xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb.

Deputat qeyd edib ki, həm Orbanın ölkəmizə səfərləri, həm cənab Prezident İlham Əliyevin Macarıstana səfərləri və imzalanmış sənədlər ölkələr arasında münasibətləri tənzimləyir.
“2014-cü ildə və 2023-cü ildə iki sazişin imzalanması iki ölkə arasındakı strateji əlaqələrin tənzimlənməsində əvəzsiz rol oynayır. Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökuməti hazırda Avropa ölkələri içərisində öz müstəqil siyasəti ilə ağıllı və balanslaşdırılmış siyasəti ilə önə çıxmışdır. Macarıstan Azərbaycanla həm BMT-də, həm Avropa İttifaqında, əsasən də Türk dövlətləri Təşkilatında yüksək səviyyəli münasibətlər sərgiləyir. Macarıstan, Avropa İttifaqı məkanında öz maraqlarını müdafiə edən, kənar qüvvələrin təsiri qoruyan və həmin təsirləri qətiyyətlə məhdudlaşdırmağı bacaran liderə malikdir. Həqiqətən də Macarıstan Avropa İttifaqına daxil olan ölkə kimi öz milli maraqlarını qətiyyətlə qoruyur. Cənab prezident bunu əsl qəhrəmanlıq adlandırıb”-deyən Vüqar İskəndərov vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur.
Deputatın fikrincə, bu münasibətlər strateji müttəfiqliyə qədər apara biləcək.
“Hər iki tərəfdə siyasi iradə mövcuddur və həm cənab İlham Əliyev, həm Macarıstan baş naziri Viktor Orban öz bəyanatlarında və ikitərəfli və çoxtərəfli görüşlərində artıq bu münasibətləri gələcəkdə ən yüksək zirvəyə daşıyacaqlarının anonsunu verdilər. Macarıstan bu gün bütün platformalarda, Azərbaycanın, Azərbaycan da bütün platformalarda Macarıstanın mənafeyini qoruyur. Bu da iki dost ölkəyə, təbii ki, fayda gətirir. Həm də iki ölkə başçılarının şəxsi münasibətləri də bu yüksək səviyyəli əlaqələrə öz müsbət təsirini göstərir”- deyə Vüqar İskəndərov bildirib.
İradə Cəlil, Bizimyol.info