Fransada davam edən genişmiqyaslı meşə yanğınları ilə mübarizə çərçivəsində Prezident Emmanuel Makron Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin işə salınmasını istəyib.
Makron sosial media hesabında bildirib ki, xüsusilə ölkənin cənub-qərbində yerləşən Jirond (Gironde) departamentində yanğınların söndürülməsi istiqamətində intensiv işlər davam edir. O, yanğınsöndürənlərə və xilasedicilərə göstərdikləri fədakarlığa görə təşəkkür edib.
Prezidentin sözlərinə görə, Aİ mexanizmi çərçivəsində Fransaya Xorvatiyadan iki, Portuqaliyadan iki yanğınsöndürmə təyyarəsi, həmçinin Çexiya və Slovakiyadan iki helikopter göndəriləcək. Makron göstərilən dəstəyə görə Avropa tərəfdaşlarına minnətdarlığını ifadə edib.
Fransanın daxili işlər naziri Loran Nünez isə açıqlayıb ki, ilin əvvəlindən ölkədə baş verən meşə yanğınları nəticəsində 50 min hektardan çox ərazi yanıb. Bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çox olduğu bildirilib.
Nazirin sözlərinə görə, Saumos bölgəsində üç gündür davam edən yanğın artıq 10 mindən çox hektar ərazini məhv edib və hələ də tam nəzarət altına alınmayıb. Landes departamentinin Biscarrosse yaxınlığında baş verən digər yanğında isə 2 500 hektar sahə külə dönüb. Təhlükəsizlik məqsədilə ümumilikdə 43 min nəfər təxliyə olunub.
Mənbə: EnSonHaber

