“Dövlət Vergi Xidməti İnkişaf Platforması olmalıdır! – Sahibkar maariflənir, dövlət güclənir”.
Bugun.tv -xəbər verir ki, bu sözləri Marketoloq, Azərbaycan İdxalçılar Assosiasiyasının idarə heyətinin üzvü Elxan Mərdanlı sosial hesabındakı paylaşımında bildirib. O, bəzi təkliflərlə çıxış edib.
“Mən, sahibkarların maarifləndirilməsi və fəaliyyətlərinin qanunvericiliyə tam uyğun olması üçün Dövlət Vergi Xidmətinə tamamilə ödənişsiz bir təklif irəli sürürəm. Təəssüf ki, Vergi Xidməti hazırda sahibkarları dəstəkləmək və istiqamətləndirmək əvəzinə, onların məlumatsızlığı və texniki xətaları səbəbilə cərimələməyi və riskli vergi ödəyici siyahısına daxil etməyi üstün tutur. Bu yanaşma nə sahibkarlığın inkişafına xidmət edir, nə də iqtisadiyyatın güclənməsinə töhfə verir. Əslində, bu, sahibkarlıq mühitində inamsızlıq yaradır. Təklifim: Elektron qaimə-faktura göndərilərkən, əgər sahibkarın idxal bəyannaməsi və ya alış sənədi olmadan əmtəə qeyd etdiyi aşkar edilərsə, sistemdə “YOXLA” funksiyası əlavə edilsin. Bu funksiya vasitəsilə sistem qaimənin düzgünlüyünü avtomatik yoxlasın və tələb olunan sənədlər mövcud deyilsə, sahibkara dərhal xəbərdarlıq göndərsin. Bildirişdə belə əməliyyatların yalnız idxal bəyannaməsi və ya alış sənədi ilə mümkün olduğu izah edilsin. Beləliklə, sahibkar səhv etmədən əvvəl maarifləndiriləcək və əməliyyatı düzəltmək imkanı qazanacaq”, – E.Mərdanlı qeyd edib.
Bundan əlavə, Dövlət Vergi Xidməti sistemdə sahibkarların idxal və ya əmtəə məlumatlarını avtomatik yoxlayan bir mexanizm qurulmasının vacibliyinə diqqət çəkib. “Bu, prosesləri şəffaflaşdıracaq və sahibkarların texniki xətalar ucbatından cərimələnməsinin qarşısını alacaq.
Əsas məqsəd sahibkarları cərimələməklə büdcə doldurmaq deyil, onları maarifləndirərək qanuni fəaliyyət göstərmələrinə dəstək olmaqdır. Maarifləndirilmiş sahibkar daha çox işləyər, iqtisadiyyata daha çox töhfə verər və dövlətə daha çox vergi ödəyər. Hazırkı yanaşma isə sahibkarları məlumatsızlıq səbəbilə riskli siyahıya salır, fəaliyyətlərini dolayısı ilə məhdudlaşdırır və onların potensialını boğur”, – deyə, marketoloq bildirib.
Vergi Xidməti bu addımları ataraq həm sahibkarların etimadını qazana, həm də iqtisadiyyatın inkişafına real töhfə verə bilər. “Təklifimi tam ödənişsiz şəkildə təqdim edirəm, çünki məqsədim sahibkarlığın inkişafına dəstək olmaq və ölkəmizin iqtisadi gücünü artırmaqdır. İndi əsas sual: Vergi Xidməti bu real dəyişikliyi tətbiq etmək istəyirmi? Yoxsa yalnız cərimə siyasəti ilə davam etməyi planlaşdırır?”, – AİA-nın idarə heyətinin üzvü Elxan Mərdanlı əlavə edib.