14 C
Baku
28 Mart 2024, 18:49
Baş xəbərDünya

Meksika radiosunda Ermənistanın son hərbi təxribatından bəhs edilib

Bugün.tv “Report”a istinadən bildirir ki, Meksikanın geniş auditoriyaya malik “El Heraldo” radiosunda Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun 13 sentyabrda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə bağlı tanınmış aparıcı Viktor Sançes Banyosa müsahibəsi efirə verilib.

Müsahibədə ilk olaraq səfir 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq BMT TŞ qətnamələrinə uyğun olaraq öz ərazilərini Ermənistan işğalından azad etdiyini, lakin buna baxmayaraq rəsmi İrəvanın hələ də cinayətkar əməllərini davam etdirdiyini və sentyabrın 12-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefindən istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin minalanmasını həyata keçirdiyini, həmçinin Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutduğunu söyləyib.

Ermənistan tərəfindən törədilən təxribatın qarşısının alınması məqsədilə, Azərbaycan Ordusu tərəfindən cavab tədbirlərinin görüldüyünü bildirən səfir, bu təxribatın qarşısının alınması zamanı 50 hərbçimizin şəhid olduğunu qeyd edib. Ermənistanın davamlı olaraq bu cür təxribatlara əl atmasının çox böyük təəssüf doğurduğunu deyən diplomat, bu kimi əməllərin arxasında Ermənistan hakimiyyətinin sülh danışıqlarını sabotaj etmək niyyətinin və Azərbaycana qarşı ərazi iddialarının dayandığını vurğulayıb. Ermənistan tərəfindən törədilən son hadisələrin məhz Brüssel danışıqlarından sonrakı bir dövrə təsadüf etməsinin bu ehtimalları daha da gücləndirdiyini qeyd edən səfir, bunun əksinə olaraq Azərbaycanın daima sülhməramlı təşəbbüs göstərdiyini diqqətə çatdırıb.

2020-ci ilin noyabr ayında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan ərazisində Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini qeyd edən səfir, Ermənistanın sözügedən bəyanata zidd olaraq, özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığını bildirib.

Aparıcının Qarabağın əhəmiyyəti barədə sualına cavab olaraq, diplomat Qarabağ iqtisadi rayonunun yalnız strateji baxımdan deyil, həm də tarixi baxımdan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini, işğaldan azad edilmiş Şuşa şəhərinin isə həm də Azərbaycanın mədəniyyət paytaxtı olduğunu söyləyib.

Müsahibədə regionda sülhün bərqərar olması və Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycan tərəfindən 5 prinsipdən ibarət sənədin təqdim edildiyi bildirilib.

Ermənistan tərəfinə təqdim olunan 5 prinsipin ən mühüm məqamının dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması olduğunu qeyd edən M.Talıbov, bu rəğmən Ermənistan hökumətinin və bəzi erməni revanşist qruplarının Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək niyyətində olmadığını, habelə Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etmək istəmədiyini bildirib.

Sonda təmsilçimiz Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozduğunu və Ermənistanın bu addımlarının aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğunu, həmçinin Qafqaz regionunun təhlükəsizliyi və sabitliyi üçün təhdid yaratdığını diqqətə çatdırıb.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Prezidenti Ərdoğanı təbrik etdi

Nigar Məmmədova

Bu günə qədər bilinməyən 7000-dən çox ada kəşf olundu

Aynur Camal

Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 24-ə çatdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu