Bugun.tv xəbər verir ki, Meksikanın Yukatan ştatında içməli su mənbələrinin çirklənməsi ilə bağlı narahatlıq artır. “Greenpeace” təşkilatının hesabatına əsasən, əhalinin su ehtiyacını ödəmək üçün istifadə etdiyi quyularda və təbii su çuxurlarında nəcis mənşəli bakteriyalar aşkarlanıb.
“Al Jazeera”nın oktyabrın 21-də yaydığı məlumata görə, Merida şəhəri yaxınlığında yerləşən 17 məntəqədən götürülmüş su nümunələrinin hamısında müəyyən dərəcədə çirklənmə qeydə alınıb. Nümunələrin bir neçəsində çirklənmə göstəricilərinin xüsusilə yüksək olduğu bildirilib.
Araşdırmada çirklənmənin mümkün mənbələri kimi sənaye üsulu ilə fəaliyyət göstərən donuzçuluq təsərrüfatları və bələdiyyə çirkab suları göstərilir. Bununla belə, aparılan sınaqlar çirklənmənin bütün hallarda insan, yoxsa heyvan mənşəli olduğunu müəyyən etməyə imkan vermir. Ayrı-ayrı laboratoriya yoxlamalarında isə donuz tullantılarına aid izlər aşkarlanıb.
Yukatan yarımadasında yerüstü çayların olmaması səbəbindən yeraltı sular əsas şirin su mənbəyi hesab edilir. Əhəngdaşından ibarət məsaməli torpaq çirkləndiricilərin yeraltı su ehtiyatlarına sürətlə keçməsinə şərait yaradır.
“Greenpeace” ərazidə yeni sənaye heyvandarlığı təsərrüfatlarının yaradılmasının və mövcud təsərrüfatların genişləndirilməsinin dayandırılmasına çağırıb. Yerli mayya icmaları da su mənbələrinin qorunması və ətraf mühitə nəzarətin gücləndirilməsini tələb edirlər.
Mənbə: Al Jazeera
