Rusiyada melanoma xəstəliyinin müalicəsi üçün fərdi onkovaksin qəbul edən ilk pasiyentin vəziyyəti barədə yeni məlumat açıqlanıb. Bildirilir ki, müalicə kursunu başa vuran pasiyentdə metastazlar yox olub, son dörd ay ərzində isə vəziyyəti sabit qalıb.
Bugun.tv xəbər verir ki, bu barədə “Mail.ru” portalı məlumat yayıb.
Rusiyanın N. F. Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Gintsburqun sözlərinə görə, pasiyent artıq müalicə kursunu tamamlayıb. Bununla belə, onun sağlamlıq vəziyyətinə nəzarət davam etdirilir.
Məlumata əsasən, pasiyent hər ay müayinədən keçiriləcək və bu müşahidə üç il davam edəcək. Həkimlər xəstəliyin yenidən yaranması və ya digər dəyişikliklərin olub-olmadığını müəyyənləşdirmək üçün yüksək dəqiqlikli kompüter tomoqrafiyasından istifadə edirlər. Xüsusilə limfa düyünlərinin vəziyyətinə diqqət yetirilir.
Söhbət hər xəstənin şişinin xüsusiyyətlərinə uyğun hazırlanan fərdi mRNT əsaslı müalicə peyvəndindən gedir. Bu, sağlam insanlara xəstəliyin qarşısını almaq üçün vurulan adi profilaktik peyvənd deyil, xərçəngin müalicəsinə yönəlmiş yanaşmadır.
Mütəxəssislərin açıqladığı nəticə ümidverici olsa da, hələlik söhbət bir pasiyentin göstəricilərindən gedir. Bu nəticə onkovaksinin bütün xəstələrdə eyni təsir göstərəcəyini və xərçəngin universal müalicəsinin tapıldığını sübut etmir.
Mənbə: mail.ru
