Bugun.tv xəbər verir ki, Cəlilabad rayonunun, Buravar kəndinin sakinləri Ekologiya və Təbii Sərvətlər naziri Cənab Rəşad İsmayılovla Meşələrin İnkişafı Xidmətinin Rəisi Ramik Əşrəfova açıq müraciət ünvanlayıblar.
Sözügedən müraciəti olduğu kimi təqdim edirik:
Ekologiya və Təbii Sərvətlər naziri Cənab Rəşad İsmayılova və Meşələrin İnkişafı Xidmətinin Rəisi Ramik Əşrəfova Cəlilabad rayonunun Buravar kəndinin sakinləri tərəfindən
MÜRACİƏT
“Cənab Nazir, cənab xidmət rəisi biz sizə həm yazılı şəkildə, həm də sosial şəbəkələr vasitəsilə dəfələrlə müraciət edib, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad və Göytəpə meşəbəyliklərində meşə gözətçiləri tərəfindən aparılan yaşıl soyqırım barədə məlumat versək də, bu günə qədər heç bir müsbət nəticəsi olmayıbdır. Bir daha sizin və ölkə ictimaiyyətinin və bütün ekologiyasevərlərin diqqətinə çatdırırıq ki, bir az da belə davam edərsə, bizim meşələrdən əsər əlamət qalmayacaq.
Hər fürsətdə özünü təbiət vurğunu kimi təqdim edən Nəsimi Nəsibov deyir ki, mənim amalım meşələri qorumaqdır. Əslində isə onun əsil məqsədi meşələri viran qoyub pul qazanmaqdır. Göytəpə meşəbəyliyinin 10 a saylı dolayında vəziyyət son dərəcə ağır və faciəlidir. Meşədən Buravar kəndinə gətirilmiş ağacların izləri açıq aydın şəkildə göstərir ki, bu meşələr sahibsiz və nəzarətsiz qalıbdır. Bu günə olan bütün reallıqlar sizlərə təqdim etdiyimiz video və foto görüntülərdə öz əksini tapmışdır”.

























