ABŞ-ın texnologiya şirkəti Meta Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial media istifadəsinə tətbiq edilən qanun çərçivəsində 700 mindən çox Instagram və Facebook hesabına girişi məhdudlaşdırıb.
Şirkətin açıqlamasına görə, Avstraliyada müvafiq qanunvericiliyin 2025-ci ilin dekabrında qüvvəyə minməsindən əvvəl və sonra aparılan yoxlamalar zamanı 16 yaşdan aşağı istifadəçilərə aid olduğu müəyyən edilən 462 min Instagram və 294 min Facebook hesabı bağlanıb.
Meta bildirib ki, yoxlamalar süni intellekt əsaslı aşkarlama sistemlərinin köməyi ilə fasiləsiz davam etdirilir. Şirkət bu səbəbdən bağlanan hesabların sayının daha da artacağını gözləyir.
Avstraliyada 16 yaş məhdudiyyəti
Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial media platformalarından istifadəsini məhdudlaşdıran qanun 10 dekabr 2025-ci ildə qüvvəyə minib.
Qanun çərçivəsində Instagram, Facebook, TikTok, YouTube, Snapchat və X ilə yanaşı, Reddit, Twitch, Threads və Kick kimi platformalar da yaş məhdudiyyətinə daxil edilib.
Avstraliya hökuməti yeni qaydalarla sosial media alqoritmlərinin və zərərli məzmunun uşaqlar və yeniyetmələrə mümkün mənfi təsirini azaltmağı hədəfləyir.
Qaydalara əsasən, sosial media şirkətləri 16 yaşdan aşağı uşaqlara aid hesabların istifadəsinin qarşısını almaq üçün “ağlabatan addımlar” atmadıqları halda 49,5 milyon Avstraliya dollarınadək cərimə ilə üzləşə bilərlər.
Mənbə: TRT Haber
