“Son proseslər bir daha göstərdi ki, Azərbaycan gənci davamlı olaraq müxtəlif təhdidlərlə, zərərli və zəhərli ideologiyalarla üz-üzədir. Bu özünü təkcə dini fəaliyyət sahəsində deyil, digər sahələrdə də açıq göstərir. Bu gün həm Şərqin, həm də Qərbin Azərbaycan gəncliyi ilə bağlı çox ciddi və məkrli planları var”.
Bugun.tv xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov facebook səhifəsindəki paylaşımında bildirib.
Onun sözlərinə görə, ölkəmizin gənclər siyasətinə yenidən baxılmalı, qeyd etdiyi təhdidlərə qarşı yeni strategiyaların və konsepsiyaların hazırlanması lazımdı. “Belə davam etsə gələcəkdə bu təhdid və təhlükələrin miqyası daha da artacaq. Azərbaycan gəncliyi ciddi qopuqluq yaşayaraq, milli kimliyindən və milli-mənəvi dəyərlərindən daha da uzaqlaşacaq. Hazırki vəziyyətdə həm ailələrimizin, həm də dövlət qurumlarının üzərinə ciddi vəzifələr düşür. Bu bir reallıqdır ki, müasir dövrdə ailə institutu üzərinə düşən əksər vəzifələrin öhdəsindən müxtəlif səbəblərdən layiqincə gələ bilmir. Bu gün övladlarımızı daha çox yaşadığımız mühit, televiziya və sosial şəbəkələr tərbiyə edir”.
Millət vəkili bu halda dövlət qurumlarının üzərinə daha çox vəzifə düşdüyünü vurğulayıb. Ancaq bütün hallarda ailələr də övladlarının sağlam tərbiyəsi üçün ciddi cəhdlə çalışmalıdırlar. O, bu məsələdə Elm və Təhsil, Gənclər və İdman və Mədəniyyət nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də üzərinə çox mühüm vəzifələr düşdüyünü bildirib. “Həm gənclər, həm də valideynlər arasında, xüsusilə də bölgələrdə bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var. Məktəblərimizdə, məscidlərimizdə, kinoteatrlarımızda, televiziyalarımızda, mediamızda və idman klublarımızda milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işinə xüsusi həssaslıqla yanaşılmalı, davamlı geniş maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Əks halda bu günün gəncliyi gələcəkdə bizim olmayacaq”,- C.Məmmədov əlavə edib.
Müxbir: Aynur Ruslan