Beynəlxalq araşdırmaya əsasən, kollagen əlavələrinin müntəzəm qəbulu dəri elastikliyinin artmasına, əzələ quruluşunun yaxşılaşmasına və oynaq problemləri ilə bağlı şikayətlərin azalmasına müsbət təsir göstərir.
Alimlər insan orqanizmində mühüm rol oynayan kollagen zülalının gündəlik qəbulunun dəri sağlamlığına təsirini araşdırıblar.
Ümumilikdə 7 min 983 iştirakçının yer aldığı və 113 halın təhlil edildiyi tədqiqatda kollagenin ölü dəri hüceyrələrinin yenilənməsi, orqanların qorunması və qanın laxtalanması prosesində əsas rol oynadığı vurğulanıb.
Tədqiqat nəticələrinə görə, müntəzəm kollagen qəbulu dərinin elastikliyini artırır, əzələ quruluşunu yaxşılaşdırır, dayaq-hərəkət sisteminə müsbət təsir edir və oynaq kireclənməsi ilə bağlı hallarda fayda verir. Həmçinin bu zülalın revmatizmin səbəb olduğu ağrı və sərtliyi azaltdığı qeyd olunur.
Bununla yanaşı, alimlər kollagen qəbulunun ağız sağlamlığı və kardiometabolik göstəricilər baxımından qarışıq nəticələr verdiyini bildiriblər.
Qeyd edək ki, kollagen orqanizmdə təbii şəkildə istehsal olunur, lakin yaş artdıqca onun səviyyəsi azalır. Bu zülal dəri, dırnaq, sümük, vətər və qığırdaq kimi birləşdirici toxumaların möhkəmlənməsində mühüm rol oynayır.
Araşdırmanın nəticələri Aesthetic Surgery Journal Open Forum jurnalında dərc olunub.
Mənbə: TrtHaber
