Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ və İran arasında imzalanan memorandumun regionda yaranmış böhranı aradan qaldırdığını bildirib.
Ekspert bu barədə sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian iki ölkə arasında memorandumu imzalayıblar. Sazişin ABŞ tərəfindən vitse-prezident Cey Di Vens, İran tərəfindən isə parlamentin sədri Məhəmməd Bağır Qalibaf tərəfindən də imzalanacağı gözlənilir. Əsədullazadənin sözlərinə görə, sənədə Pakistanın Baş naziri Şahbaz Şərif də imza atıb.
Politoloq hesab edir ki, memorandumun prezidentlər səviyyəsində imzalanması ABŞ və İran arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır və sənəd uzunmüddətli qüvvədə qalacaq. Onun fikrincə, bu addım İsrailin Baş naziri Benyamin Netanyahunun mövqeyinə ciddi zərbə vurub.
Əsədullazadə bildirib ki, Pakistan tərəflər arasında vasitəçi rolunu oynayıb. O vurğulayıb ki, ABŞ bu prosesdə üstün mövqedə olsa da, İranı tam məğlub etməkdə maraqlı deyil və gələcəkdə Tehrandan region ölkələrinə, xüsusilə ərəb dövlətlərinə təzyiq vasitəsi kimi istifadə edə bilər.
Ekspertin sözlərinə görə, İran hakimiyyəti isə rejimin fəaliyyətini davam etdirməsini əsas gətirərək özünü qalib tərəf hesab edir.
