Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Yəməndə husilər və onlara qarşı qüvvələr arasında gedən prosesləri özünün “Facebook” səhifəsində şərh edib.
Ekspertin fikrincə, husilər müəyyən mərhələdə üstünlük qazanaraq Babül-Məndəb boğazına nəzarəti ələ keçiriblər. O hesab edir ki, bu vəziyyət ABŞ və İsrail tərəfindən ciddi narahatlıqla qarşılanıb.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yaranan böhran da husilərin mövqelərinin güclənməsinə şərait yaradıb.
“Husilərin güclənməsi İranın regional təsirinin artmasıdır”
Siyasi ekspertin sözlərinə görə, İsrail husilərin mövqelərinin güclənməsindən ciddi narahatlıq keçirib:
“Husilərin bölgədə mövqelərinin güclənməsi, müəyyən mənada, İranın regional təsirinin artmasıdır”.
Əsədullazadə bildirib ki, bu səbəbdən Səudiyyə Ərəbistanının İsrailə müraciət edərək husilərə qarşı zərbələrin endirilməsini istədiyini düşünür.
Onun fikrincə, İsrail daha sonra Yəməndə baş verən proseslərə daha fəal müdaxilə etməyə başlayıb. Ekspert həmçinin Baş nazir Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində vasitəçilik həyata keçirildiyini bildirib.
Səudiyyə Ərəbistanı və BƏƏ husilərə qarşı birləşib
Məhəmməd Əsədullazadə hesab edir ki, BƏƏ rəsmilərinin Səudiyyə Ərəbistanına səfərləri fonunda iki ölkə arasında münasibətlər yenidən normallaşmağa başlayıb.
Ekspertin sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi hökumət qüvvələri koalisiya çərçivəsində fəaliyyət göstərərək husiləri Babül-Məndəb boğazından uzaqlaşdırmağa çalışırlar.
O qeyd edib ki, ABŞ da bu prosesə müxtəlif formalarda dəstək verir, Səudiyyə Ərəbistanının hərbi aviasiyası isə husilərin mövqelərinə qarşı hava zərbələri endirir.
Babül-Məndəb boğazına nəzarət əsas məsələdir
Əsədullazadənin fikrincə, prosesin əsas nəticəsi Babül-Məndəb boğazında nəzarətin kimdə qalacağından asılı olacaq.
Ekspert bildirib ki, boğaz təkcə Yəmən üçün deyil, Qırmızı dənizdən keçən beynəlxalq ticarət və enerji marşrutları baxımından da strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, husilərin burada mövqelərini möhkəmləndirməsi regional güc balansına, eləcə də İran–Səudiyyə Ərəbistanı qarşıdurmasına birbaşa təsir göstərə bilər.
Əsədullazadə hazırkı mərhələdə husilərin məğlub olmaqda olduğunu qeyd edib. O hesab edir ki, İsrailin Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında münasibətlərin normallaşmasına töhfə verməsindən sonra hökumət qüvvələri üstünlük qazanmağa başlayıb.
Ekspertin qənaətinə görə, ABŞ, İsrail və ərəb ölkələri husilərin Babül-Məndəb boğazına nəzarətini davam etdirməsinə razı olmazdılar.
