Belçikada noyabrın 23-də keçiriləcək ümummilli tətil hava nəqliyyatında ciddi fasilələrə səbəb olacaq. Hava hərəkətini idarə edən “Skeyes” şirkətinin əməkdaşlarının tətilə qoşulması səbəbindən ölkə üzrə müntəzəm uçuşların əksəriyyətinin həyata keçirilməsi mümkün olmayacaq.
Bugun.tv xəbər verir ki, bu barədə “AFP” agentliyi “Arab News” nəşrinə istinadən məlumat yayıb.
“Skeyes” şirkətinin açıqlamasına görə, noyabrın 23-də yerli vaxtla saat 07:00-dan 21:00-dək Belçika hava limanlarında və şirkətin məsul olduğu hava məkanında adi hava hərəkətinə xidmət göstərilməsi dayandırılacaq. Şirkət mövcud işçi qüvvəsinin müntəzəm uçuşların təhlükəsiz idarə olunmasını təmin etmək üçün kifayət etməyəcəyini bildirib.
Brüssel hava limanı gələn və gedən reyslərin böyük hissəsinin ləğv ediləcəyini açıqlayıb. Şarlerua hava limanı isə həmin müddətdə ölkənin hava limanlarında uçuşların tamamilə dayanacağını bildirib.
Tətillə əlaqədar sərnişinlərə xəbərdarlıq
Tətil hökumətin büdcə qənaəti tədbirlərinə etiraz olaraq keçirilir. “Skeyes” fövqəladə hallar və təhlükəsizlik baxımından vacib uçuşlar üçün minimum xidmətin saxlanılacağını qeyd edib.
Sərnişinlərə uçuşlarının vəziyyətini əvvəlcədən aviaşirkətlərlə dəqiqləşdirmək tövsiyə olunur. Aviaşirkətlər ləğv edilən reyslərlə bağlı sərnişinlərə məlumat verməlidir.
Mənbə: Arabnews.com
