Bugun.tv xəbər verir ki, siyasi ekspert öz sosial media hesabında Məhəmməd Əsədullazadə Azərbaycanın dünyəvi dövlət olmaqla yanaşı, müsəlman ölkəsi olduğunu və xalqın dini, milli-mənəvi dəyərlərinin qorunmasının vacibliyini bildirib.
Ekspertin fikrincə, dünyəvi dövlət prinsipi ilə dini inanclara hörmət bir-birinə zidd deyil. O qeyd edib ki, Rusiya və bir sıra Avropa ölkələri də dünyəvi idarəçilik prinsiplərinə malikdir, lakin onların tarixi və dini ənənələri mövcuddur.
Azərbaycanın İslam dünyasındakı mövqeyi
Məhəmməd Əsədullazadə xatırladıb ki, Azərbaycan xalqı VII əsrdə İslam dinini qəbul edib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və ölkəmiz İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib.
Ekspert İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkərək Prezident İlham Əliyevin ötən ay Türk dövlətlərinin din xadimləri ilə görüşündə İslam həmrəyliyinin və Türk birliyinin əhəmiyyətini vurğuladığını qeyd edib.
Dini etiqad azadlığı və milli-mənəvi dəyərlər
Ekspertin sözlərinə görə, sovet hakimiyyəti dövründə Azərbaycanda uzun illər ateizm təbliğ edilsə də, xalq öz dini inanclarından imtina etməyib. O, SSRİ-nin dağılmasından sonra İslam dininin inkişaf etdiyini bildirib.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, Azərbaycan Konstitusiyası hər bir vətəndaşın dini etiqad və vicdan azadlığını təmin edir. Bununla yanaşı, onun fikrincə, xalqın milli, əxlaqi və mənəvi dəyərləri də qorunmalı, bu dəyərlərə hörmətlə yanaşılmalıdır.
Cəmiyyətdə sabitlik və milli birlik qorunmalıdır
Siyasi ekspert hesab edir ki, dövlət idarəçiliyinin hüquqi prinsiplər əsasında yüksək səviyyədə təşkili cəmiyyəti narahat edən problemlərin qarşısının alınmasına kömək edə bilər.
O, Azərbaycan cəmiyyətində qarşıdurma yaratmağa çalışan qüvvələrin mövcud olduğunu, dövlətin isə bu kimi təxribatların qarşısını almaq üçün tədbirlər gördüyünü bildirib.
Məhəmməd Əsədullazadə milli birliyin, ölkənin bütövlüyünün və mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində özünün yüksək mənəvi keyfiyyətlərini və milli həmrəyliyini nümayiş etdirib.
