Bugun.tv xəbər verir ki, Meksikanın Xalisko ştatının Qvadalaxara şəhərində içməli suyun çirklənməsinə etiraz edən minlərlə insan küçələrə çıxıb. Etirazçılar qubernatorun iqamətgahına yürüş ediblər. Polis müdaxiləsindən sonra nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.
“Ensonhaber” nəşrinin məlumatına görə, şəhər və ətraf ərazilərdə içməli suyun keyfiyyəti ilə bağlı yaranan problem sakinlərin narazılığına səbəb olub. İnsanlar kranlardan gələn suyun çirkli, tünd rəngli və xoşagəlməz qoxulu olduğunu bildirərək hakimiyyətdən problemin həllini tələb ediblər.
Etirazçılar qubernatorun iqamətgahına yürüş ediblər
Oktyabrın 11-də keçirilən aksiyada iştirakçılar təmiz içməli su tələb edərək Qvadalaxaradakı Xalisko ştatı qubernatorunun rəsmi iqamətgahına doğru hərəkət ediblər. Nümayiş zamanı bəzi etirazçılar polis tərəfindən qurulan metal maneələri aşmağa çalışıblar.
Polis qüvvələri etirazçıları ərazidən uzaqlaşdırmaq üçün müdaxilə edib. Hadisələr gərginləşib, hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.
Onlarla insan xəsarət alıb
Meksikanın N+ telekanalının Xalisko ştatının təhlükəsizlik qurumlarına istinadən yaydığı məlumata görə, qarşıdurma zamanı 59 nəfər xəsarət alıb. Onlardan 28-i polis əməkdaşı, 31-i isə mülki şəxsdir. Hadisələrlə əlaqədar 39 nəfərin saxlanıldığı bildirilib.
Təmiz içməli su tələbi ilə keçirilən aksiya şəhərdə suyun keyfiyyəti ilə bağlı problemin həllinə yönəlmiş etirazların bir hissəsidir.
Mənbələr: Ensonhaber
