Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında Rusiya–Ukrayna müharibəsinin gedişi ilə bağlı paylaşım edib.
Ekspert bildirib ki, Rusiyanın Kiyevə “Oreşnik” və İsgəndər raket sistemi vasitəsilə həyata keçirdiyi kütləvi hücumlar Ukraynanın son dövrlərdə artan hərbi əməliyyatlarına cavab xarakteri daşıyır.
M. Əsədullazadənin fikrincə, Rusiyanın xüsusilə mülki obyektləri hədəfə alması Kiyevi müəyyən güzəştlərə məcbur etməyə hesablanıb. O qeyd edib ki, Qərbin, xüsusilə ABŞ-ın Ukraynaya yeni silah partiyaları göndərməsi müharibənin miqyasını və dağıdıcı potensialını daha da artırır.
Siyasi ekspert vurğulayıb ki, yaxın dövrdə Ukraynanın Moskvaya daha güclü zərbələr endirməsi ehtimalı yüksəlir. Onun sözlərinə görə, ABŞ və Rusiya arasında aparılan danışıqların nəticəsiz qalması müharibənin uzanmasına səbəb olur.
Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Ukraynanı tükəndirmə strategiyasını davam etdirsə də, Ukrayna daha müasir və dağıdıcı silahlarla hücum imkanlarını genişləndirir və müharibə artıq yeni, daha təhlükəli mərhələyə daxil olur.

