Bugun.tv xəbər verir ki, italyan moda dizayneri Brunello Cucinelli 2026-cı ilin payız-qış kolleksiyasını Özbəkistanın paytaxtı Daşkənddə yerləşən tarixi Əbülqasım mədrəsəsində təqdim edib.
Moda nümayişinin keçirildiyi məkan 19-cu əsrə aid tarixi kompleksdir. Hazırda qorunan tarixi abidə kimi istifadə olunan mədrəsənin otaqlarında keramika, ağac üzərində oyma, miniatür rəssamlığı və digər ənənəvi sənət sahələri ilə məşğul olan sənətkarlar çalışır.
Nümayiş zamanı mədrəsənin həyəti əl işi Özbəkistan xalçaları ilə bəzədilib. Modellər qadın və kişi kolleksiyalarını məhz bu tarixi mühitdə nümayiş etdiriblər.

Təşkilatçılar moda nümayişinin məkanını təsadüfi seçmədiklərini bildiriblər. Məqsəd İtaliya moda sənətindəki əl əməyini Özbəkistanın qədim sənətkarlıq ənənələri ilə bir araya gətirmək olub.
Tədbirdə yerli musiqi və ənənəvi sənət nümunələri də təqdim olunub.
Mənbə: Euronews
