Bugun.tv xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 8 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbiri keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov bütün dünyada “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlardan danışıb. Ümumbəşəri problemə çevrilən bu bəlanın gənclərin həyatında yaratdığı problemlər barədə geniş məlumat verən şöbə rəisi, zərərli maddələrin geniş yayılmasının qarısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıb.
Daha sonra “Erkən nikah və onun fəsadları” mövzusunda da çıxış edən rəis A.Xəlilov qızların yeniyetmə vaxtlarında ailə qurmasının risklər yaratdığını faktlarla əsaslandıraraq, şagirdlərin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, inkişaf etmələrinin vacibliyindən danışıb, onlara çoxlu mütaliə etməyi, mükəmməl təhsil almağı tövsiyə edib, gələcəyin yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıb.
Tədbirdə çıxış edən digər iştirakçılar keçirilən görüşün mahiyyətindən danışaraq, təşkilatçılığa görə Rayon Polis Şöbəsinə təşəkkürlərini bildiriblər.Tədbirinin sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.