Bugun.tv xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ay missiyaları zamanı astronavtların üzləşə biləcəyi statik elektrik təhlükəsinin aradan qaldırılması üçün yeni müsabiqə başladıb. TRT Haber-in 13 oktyabr tarixli məlumatına görə, müsabiqənin ümumi mükafat fondu 150 min ABŞ dollarıdır.
Ay tozu elektrik yükünün yaranmasına səbəb ola bilər
Ayın səthindəki toz astronavtların geyimlərinə və avadanlıqlarına yapışa bilər. Səthdə və kosmik geyimlərdə elektrik yükünün toplanması astronavtlar üçün əlavə təhlükə yaradır. Xüsusilə günəş işığının çatmadığı kölgəli kraterlərdə bu riskin artdığı bildirilir.
Astronavt Ay səthindən kosmik aparata qayıdarkən bədəndə və geyimdə yığılan elektrik yükü qığılcım yaranmasına səbəb ola bilər. Bu isə geyimə və avadanlıqlara zərər vurmaqla yanaşı, kosmik aparatın daxilində yanğın riski də yarada bilər.
Təhlükəsiz həll yolları axtarılır
NASA müsabiqə iştirakçılarından elektrik yükünü təhlükəsiz şəkildə boşalda bilən yeni qurğular və texniki həllər hazırlamağı gözləyir. Təklif olunan sistemlər yüngül, yığcam və Ayın kəskin temperatur dəyişikliklərinə davamlı olmalıdır.
Müsabiqə gələcək Ay missiyalarının təhlükəsizliyini artırmaq məqsədi daşıyır. NASA 2028-ci ildə astronavtların Ay səthinə qaytarılmasını nəzərdə tutan missiyalara hazırlaşır. Statik elektrik probleminin həlli uzunmüddətli tədqiqatlar və gələcəkdə Ayda daimi baza yaradılması baxımından da əhəmiyyətlidir.
Mənbə: TRT Haber
