Bugun.tv– xəbər verir ki, Mexiko şəhərində torpaq çökməsi sürətlənib və bəzi ərazilərdə ayda 2 santimetrdən çox enmə qeydə alınıb.
Bu məlumatlar NASA və Hindistan Kosmik Tədqiqatlar Təşkilatının birgə həyata keçirdiyi NISAR peyk sistemi vasitəsilə əldə olunub. Güclü radar texnologiyası Yer səthindəki ən kiçik dəyişiklikləri belə izləməyə imkan verir.
Mütəxəssislərin sözlərinə görə, şəhərin çökməsinin əsas səbəbi uzun illərdir yeraltı su ehtiyatlarının həddindən artıq istifadə olunmasıdır. Qədim göl yatağı üzərində salınmış Mexiko şəhərinin altındakı yumşaq torpaq su çəkildikcə sıxlaşır və nəticədə şəhər tədricən aşağı enir.
Araşdırmalar göstərir ki, şəhərin yeraltı su səviyyəsi ildə təxminən 40 santimetr azalır. Bu proses artıq küçələrə, su kəmərlərinə, drenaj xətlərinə və metro sisteminə ciddi təsir göstərir.
Şəhərdə çökmənin ən görünən nümunələrindən biri Angel of Independence – İstiqlal Mələyi abidəsidir. Torpaq səviyyəsi aşağı düşdükcə, abidənin əsasına əlavə pillələr tikilib.
Meksika Milli Muxtar Universitetidən mütəxəssislər bildirirlər ki, peyk görüntüləri yalnız şəhər çökməsini deyil, həm də vulkanlar, sürüşmələr, zəlzələ ilə bağlı deformasiyalar və iqlim dəyişikliklərinin təsirlərini daha dəqiq öyrənmək üçün yeni imkanlar açır.
Ekspertlər qeyd edirlər ki, problemi kökündən həll etmək üçün yeraltı suyun çəkilməsi ciddi şəkildə azaldılmalıdır. Lakin bu da milyonlarla insanın içməli su təminatı ilə bağlı mürəkkəb suallar yaradır.
Mənbə: The Guardian
