NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, bütün müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyü məsələsində həmfikirdirlər.
Bugun.tv xəbər verir ki, bu barədə o, Norveçin paytaxtı Osloda keçirilən xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı vurğulayıb.
Görüşdən sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, görüşün əsas mövzusu Ukraynanın NATO-ya üzv olması və NATO-nun Ukraynaya misilsiz yardım göstərməsi olub.
“Biz NATO olaraq daha çox iş görməliyik. Müharibənin nə vaxt bitəcəyini bilmirik. Bununla belə, müharibə başa çatdıqdan sonra Ukraynanın gələcəkdə təhlükəsizliyini təmin etmək üçün etibarlı qaydaların mövcud olmasını təmin etməliyik” qeyd edib.
Güclü maliyyə ilə dəstək paketi üzərində çalışdıqlarını ifadə edən Stoltenberq, “Bu, Ukraynanın uzunmüddətli çəkindirmə və müdafiəsini təmin edəcək. Həmçinin təhlükəsizlik və müdafiə sahələrinin yenidən qurulmasına kömək edəcək” deyib.
“Biz Ukraynanın üzvlük hədəflərini müzakirə etdik. Bütün müttəfiqlər NATO-nun qapısının Ukraynaya açıq olması ilə razılaşır. Yalnız müttəfiqlər və Ukrayna üzvlüklə bağlı qərar vermək səlahiyyətinə malikdir. Rusiyanın veto hüququ yoxdur”, – deyə o əlavə edib.
Bütün müttəfiqlərin Ukraynanın NATO üzvü olması mövzusunda həmfikir olduğunu vurğulayan Stoltenberq hazırda ən vacib şeyin Ukraynanın suveren və müstəqil dövlət kimi qələbəsi olduğunu bildirib.
Qeyd edək ki, növbəti NATO sammiti iyul ayında Vilnüsdə keçiriləcək.
Mənbə: İLKHA