Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi təntənə ilə qeyd olunub.
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kolleci özünün 50 illik yubileyini böyük təntənə ilə qeyd edib. Bu münasibətlə keçirilən tədbirdə müxtəlif sahələrin tanınmış nümayəndələri, yaradıcı insanlar və sənətsevərlər iştirak ediblər.
Tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Həsən Seyidov, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva çıxış edərək Musiqi Kollecinin yaranma tarixindən, yetirmələrindən və kollecin yaradıcı cəmiyyətin həyatında önəmindən bəhs edən çıxış edib və kollecin yaradıcı kollektivini 50 illik yubileyi münasibətilə təbrik ediblər.
Çıxış edən Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Naxçıvan Musiqi Kollecinin regionun mədəni həyatında tutduğu xüsusi mövqedən bəhs edərək bildirib ki, bu elm və sənət ocağı diyarın musiqi zövqünün formalaşmasında, eyni zamanda peşəkar musiqiçilərin yetişdirilməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, kollecin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaranma tarixi bilavasitə Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Əməkdar rəssam çıxışında vurğulayıb ki, bu gün adıçəkilən qurumlar öz fəaliyyətlərini dövlət siyasətinə uyğun şəkildə davam etdirir və bu istiqamətdə mühüm uğurlar qazanırlar. O, xüsusilə qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bütün tədbirlər ölkəmizin hüquqi və milli dəyərlərinə əsaslanaraq həyata keçirilir və yaradıcı insanlar da bu dəyərləri dərindən dərk edərək, öz fəaliyyətlərində geniş istifadə edirlər.
Tədbirdə çıxış edən Rəssamlar Birliyinin sədri Naxçıvan Musiqi Kollecini 50 illik yubileyi münasibətilə keçirilən konserti və sərgini yüksək dəyərləndirərək, səmimi qəlbdən təbrik edib, kollecin rəhbərliyinə, rəsm bölməsinin tələbələrinə, orkestrin rəhbəri və musiqiçilərinə təşəkkürnamələr təqdim edib. O, kollecin gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb və yaradıcı heyətə sənət yollarında yeni nailiyyətlər diləyib.
Bu cür tədbirlər Naxçıvanın zəngin mədəni irsinin yaşadılmasına və yeni nəslin estetik tərbiyəsinə böyük töhfə verir. Yubiley tədbiri bir daha sübut etdi ki, Naxçıvan Musiqi Kolleci təkcə bir təhsil müəssisəsi deyil, həm də milli musiqi mədəniyyətimizin mühüm dayaqlarından biridir.
Mənbə: Xalq.Online