Binyamin Netanyahu və İsaac Herzog İranın İsrailə qarşı həyata keçirdiyi cavab hücumu zamanı ciddi zərər görən Arad şəhərinə səfər ediblər.
Məlumata əsasən, Yaxın Şərqdə davam edən münaqişənin 23-cü günündə İran tərəfindən genişmiqyaslı hücum həyata keçirilib. Hücum zamanı İsrailin cənubunda yerləşən Arad şəhərinə düşən raketlər nəticəsində böyük dağıntılar baş verib, çox sayda insan yaralanıb.
İsrail ordusu bildirib ki, Arad və Dimona şəhərlərinə düşən bəzi raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısının niyə alınmadığı ilə bağlı araşdırma başladılıb. Qeyd olunur ki, hücum zamanı “Dəmir Qübbə” sistemi bəzi raketləri zərərsizləşdirə bilməyib.
Hadisə yerinə gələn Netanyahu və Hersoq bölgədə vəziyyətlə tanış olub, yerli rəsmilərdən və müvafiq qurumlardan məlumat alıblar. Bildirilib ki, yaşayış məntəqəsinə düşən təxminən 450 kiloqramlıq döyüş başlığı genişmiqyaslı dağıntılara səbəb olub və bir çox bina yararsız hala düşüb.
Baş nazir Netanyahu açıqlamasında ölkənin çətin bir gecə keçirdiyini vurğulayıb və Arad şəhərinin meri ilə görüşdüyünü qeyd edib.
Digər tərəfdən, hücumdan sonra bölgəyə səfər edən İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir yerli sakinlərin etirazı ilə qarşılaşıb. Bildirilir ki, bəzi sakinlər onu baş verənlərə görə məsuliyyət daşımaqda ittiham edərək sərt reaksiya veriblər.
Mənbə: Ensonhaber
