Bugun.tv xəbər verir ki, Niderland ABŞ və Kanadada saxlanılan qızıl ehtiyatlarının bir hissəsini Avropaya köçürüb. Addım ölkənin mümkün ciddi böhranlara hazırlığını və qızıl ehtiyatlarının daha çevik istifadə imkanlarını artırmaq məqsədi daşıyır.
Al Jazeera-nın məlumatına görə, Niderland Mərkəzi Bankı (DNB) qızıl ehtiyatlarının bir hissəsini Şimali Amerikadan Böyük Britaniyaya və Niderlandın özünə köçürüb. Ümumilikdə, 2025-ci ilin sonundakı qiymətlərlə Nyu-Yorkdan təxminən 10,7 milyard dollar, Ottavadan isə 1 milyard dollardan bir qədər çox dəyərində qızıl çıxarılıb. Köçürülən qızılın ümumi dəyəri təxminən 11,7 milyard dollar təşkil edib.
DNB bildirib ki, bu qərar risklərin bölüşdürülməsi strategiyasının bir hissəsidir. Bankın fikrincə, qızıl ehtiyatlarının müxtəlif ölkələrdə daha balanslı yerləşdirilməsi mümkün böhran vəziyyətlərində onların istifadəsini asanlaşdıra bilər.
Niderlandın ümumi qızıl ehtiyatı 612,4 ton təşkil edir və hazırkı qiymətlərlə onun dəyəri təxminən 83,8 milyard dollar hesablanır. Köçürmədən əvvəl ehtiyatların 31,3 faizi Nyu-Yorkda, 19,7 faizi Ottavada, 18,1 faizi Londonda, 30,8 faizi isə Niderlandın Zeyst şəhərində saxlanılırdı.
Yeni bölgüyə əsasən, Londonda saxlanılan qızılın payı 32,1 faizə yüksəlib. Nyu-York və Ottavanın hər birinin payı isə 18,5 faizə enib.
Niderland Mərkəzi Bankı qızılın Böyük Britaniyada daha asan alınıb-satılması və böhran zamanı daha çevik şəkildə istifadə olunmasının mümkün olduğunu bildirib. Bank qızıl ehtiyatlarının maliyyə sistemində ciddi böhranlara qarşı dayanıqlığın mühüm elementi olduğunu vurğulayıb.
Mənbə: Aljazeera
