Bugun.tv xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan regiondakı demoqrafik vəziyyət və Ermənistanın geosiyasi reallıqları ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Ermənistanla Türkiyə arasında normallaşma prosesinin davam etdiyi bir dövrdə danışan Paşinyan, bölgədə yaşayan türk əhalisinin sayına diqqət çəkərək ölkəsinin reallıqları düzgün qiymətləndirməsinin vacibliyini vurğulayıb.
Baş nazir bildirib ki, Ermənistanın qərbində Türkiyədə 90 milyon, şərqində Azərbaycan ərazisində 10 milyon, cənubunda isə İran daxilində 35 milyon türk yaşayır.
Paşinyan bəzi dairələrin bu reallığı görməməzlikdən gəldiyini deyərək belə bildirib: “Bizdən neçə nəfər var? 3 milyon erməni…Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”.
Ermənistan lideri daha əvvəl də regionda sülhün əldə olunmasının vacibliyindən danışmışdı. O, keçmişdə kimin harada yaşaması məsələsinin artıq gündəmdə saxlanılmamalı olduğunu qeyd edərək Qarabağ mövzusunun bağlandığını bildirmişdi.
Paşinyan həmin açıqlamasında: “Artıq kimin bir zamanlar harada yaşadığı məsələsini qurdalamayacağıq. Qarabağ məsələsini bağlayırıq. Yalnız bu şəkildə sülhə nail ola bilərik”- fikirlərini səsləndirmişdi.
Ekspertlər hesab edirlər ki, Paşinyanın son çıxışları regionda uzunmüddətli sabitlik və normallaşma mesajı kimi qiymətləndirilə bilər.
Mənbə: Ensonhaber
