İran mediası ölkənin nüvə proqramında mühüm rol oynayan ağır su obyektinə hücum edildiyini açıqlayıb. Məlumata görə, hücum Erak şəhəri yaxınlığında yerləşən Hondab Ağır Su Kompleksini hədəf alıb.
Fars Xəbər Agentliyi tərəfindən yayılan xəbərdə bildirilir ki, obyekt ABŞ və İsrail tərəfindən iki mərhələdə hücuma məruz qalıb. Rəsmi mənbələr hücum nəticəsində insan tələfatının olmadığını və əvvəlcədən görülən təhlükəsizlik tədbirləri sayəsində əhali üçün risk yaranmadığını qeyd edib.
Hondab Ağır Su Kompleksi İranın strateji nüvə infrastrukturlarından biri hesab olunur. Burada istehsal edilən ağır su (D₂O) bəzi reaktor növlərində istifadə olunur və nüvə sənayesində mühüm əhəmiyyət daşıyır. Bu maddə neytronları yavaşlatmaq qabiliyyətinə malik olduğu üçün xüsusilə təbii uranla işləyən reaktorlarda istifadə edilir.
Məlumata əsasən, kompleksin təməli 1980-ci illərdə qoyulub, sənaye tikintisi isə 1998-ci ildə başlayıb və obyekt 2006-cı ildə istismara verilib. Müəssisə illik onlarla ton ağır su istehsal gücünə malikdir və İran bu sahədə dünyada məhdud sayda ölkələrdən biri hesab olunur.
Qeyd edək ki, bu obyekt daha əvvəl də hücumlara məruz qalıb. Buna baxmayaraq, İran tərəfi hər dəfə radiasiya sızıntısının qeydə alınmadığını və obyektin fəaliyyətinin davam etdiyini bildirib.
Mənbə: İLKHA
