Cenevrədə Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ukraynanın şərqində demilitarizasiya zonası yaradılması ideyası gündəmə gəlib. Bu barədə The New York Times nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlarda iştirak edən tərəflər demilitarizasiya zonası çərçivəsində azad ticarət zonasının yaradılması variantını da müzakirə ediblər. Lakin əsas mübahisə doğuran məsələ cəbhə xəttindən qoşunların çıxarılması və həmin ərazinin gələcəkdə necə idarə olunacağıdır.
NYT yazır ki, Ukrayna tərəfi bu bölgədə beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsində israr edir. Eyni zamanda münaqişə bitdikdən sonra ərazinin idarə olunması üçün mülki administrasiya yaradılması təklifi də səsləndirilib.
Mənbələrin bildirdiyinə görə, həmin administrasiyada həm Rusiya, həm də Ukrayna nümayəndələrinin yer alması ehtimalı müzakirə edilib. Bununla belə, danışıqlara yaxın şəxslər tərəflərin hələlik yekun razılaşmadan uzaq olduğunu qeyd ediblər.
Qeyd edək ki, Ukrayna üzrə danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçirilib. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib. Medinski danışıqların “çətin, lakin işgüzar” keçdiyini bildirib və yaxın zamanda yeni görüşün keçiriləcəyini açıqlayıb.
Mənbə: mail.ru
