Pakistan regionda davam edən ABŞ və İsrail-İran gərginliyini azaltmaq məqsədilə “iki mərhələli atəşkəs planı” təqdim edib.
Məlumata görə, planın əsas məqsədi hərbi əməliyyatların dayandırılması və strateji əhəmiyyət daşıyan Hörmüz boğazı üzərində nəzarət və təhlükəsiz keçidin bərpasıdır.
Diplomatik mənbələr bildirir ki, Pakistanın təklifi çərçivəsində əvvəlcə 45 günlük müvəqqəti atəşkəsin tətbiqi, daha sonra isə daha geniş sülh sazişinin hazırlanması nəzərdə tutulur. Planın ilkin mərhələsində Hörmüz boğazının açılması və enerji daşımalarının bərpası əsas şərtlərdən biri kimi göstərilir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran Pakistanın təklifini nəzərdən keçirir, lakin müvəqqəti atəşkəs çərçivəsində boğazın açılmasına razı deyil. O, İranın son hücumlar fonunda öz təhlükəsizliyinə fokuslandığını vurğulayıb.
Məlumata görə, Tehran eyni zamanda ABŞ tərəfindən irəli sürülən 15 maddəlik planı “məntiqsiz və qeyri-real” hesab edərək qəbul etməyəcəyini açıqlayıb.
Diplomatik mənbələr qeyd edir ki, Pakistanın ordu rəhbərliyi vasitəçilik çərçivəsində ABŞ rəsmiləri və İran nümayəndələri ilə intensiv danışıqlar aparıb. Təklifə əsasən, ilkin razılaşma elektron memorandum formasında təsdiqlənə və daha sonra İslamabadda keçiriləcək görüşlərlə yekunlaşdırıla bilər.
Planın digər hissəsinə görə, yekun sazişdə İranın nüvə silahı əldə etməmək öhdəliyi, sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərin azad olunması kimi məsələlər də müzakirə olunur.
ABŞ tərəfi hələlik Pakistanın təşəbbüsünə rəsmi cavab verməyib.
Mənbə: Aljazeera.Com
