Bugun.tv xəbər verir ki, son zamanlar paytaxt parklarında kölgə yer tapmaq olmur. Bunun da səbəbi ağacların qurudularaq kəsilməsidir. El Qayğısı İctimai Birliyinin sədr müavini Nərgiz Günəş “Koroğlu parkı”nda qurudularaq kəsilən ağaclarla bağlı sosial şəbəkədə məlumat verib. Çəkdiyi videonu paylaşıb. Videoda həmişəyaşıl şam ağaclarının bəzilərinin quruduğu aydın şəkildə görünür.
“Bura “Koroğlu parkı”dır. Ağaclar bir ağacdan bir qurudulur. Biri yaşıldır, digəri quru. Görəsən, buna səbəb nədir? Nə tikəcəklər burada? Sanki ağacların dibinə nə isə töküblər. Əvvəlki çəkilişimdə də eyni belə hadisə ilə rastlaşmışdım. Həmin ağaclar artıq kəsilib. İndi də eyni vəziyyət davam edir, ” – deyə QHT sədri N.Günəş bildirib. Sonda N.Günəş yəqin bu ağacların hansısa məmur tərəfindən öz obyektini tikmək üçün hazırlıq işi gördüyünü güman edib.
Müxbir: İntizar Əmirova