Bakıda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliyanın müasir müalicəsi və diaqnostikası sahəsində aparılan islahatlara dair mətbuat konfransı keçirilib.
Bu barədə Bugun.tv-yə assosiasiyanın sədri Ayaz Hüseynov məlumat verib. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in məsul əməkdaşları, qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasiyentlər, həkimlər və media nümayəndələri iştirak ediblər.
“Konfransda son 6 ay ərzində dövlət səhiyyə qurumları ilə birgə əməkdaşlığın faydaları və pasiyentlərin müalicəsində mövcud çətinliklər və inkişaf edilməli olan sahələr barədə çıxış etdik. Bunlardan ən əsası, hemofiliyanın müalicəsi üçün Respublika Klinik Xəstəxanasında çalışan tibb işçilərindən ibarət multıdısıplınar komandanın formalaşması, pasiyentlərin elektron məlumat bazasının beynəlxalq standartlara uyğunlaşması, pasiyentin faktor preparatlarına əlçatanlığını təmin etmək üçün Rayon Mərkəzi Xəstəxanalarına çatdırılması, Pasiyentlərin oynaqlarında yaranan fəsadların aradan qaldırılmasında planlı endoprotez əməliyyatlarının aparılmasına hazırlıq, Von Willebrand xəstəliyinin və inhibitorun diaqnozunun qoyulmasında laboratoriyanın təkmilləşməsi, inhibitorlu pasiyentlərin dərman preparatlarına əlçatanlığının təminatı, hemofiliyadan əziyyət çəkən uşaqların müalicəsində xüsusi yanaşma və sair bu kimi actual məsələlər idi. Konfransda göstərilən işlərin aparıldığı və müalicənin keyfiyyətinin yaxşılaşdırılmasında dövlət səhiyyə qurumlarının lazımı addımların atılacağı bildirildi”, – A.Hüseynov əlavə edib.
Onun sözlərinə görə, 2006-cı ildən Dövlət Proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsait hesabına göstərilən tibbi xidmət və faktor konsentratları ilə təminat qanaxmalarla müşahidə olan xəstəlikdən əziyyət çəkən vətəndaşların həyat keyfiyyəti yüksəlib.
Hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların keyfiyyətli müalicəsinin təşkili üçün dövlət səhiyyə qurumları və pasiyent təşkilatı olan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası səfərbər olub, yuxarıda göstərilən vəzifələri həyata keçirilməsini yaxın zamanda planlaşdırır.