ABŞ-lı alimlər qeyri-adi elmi təcrübə apararaq pivə istehsalında istifadə olunan mayanı genetik dəyişiklik yolu ilə immuniteti stimullaşdıran maddə daşıyıcısına çeviriblər.
Tədqiqat çərçivəsində maya hüceyrələrinə müəyyən virus zülalları inteqrasiya olunub və nəticədə əldə edilən məhsul peyvənd prinsipi ilə işləyən bioloji daşıyıcı kimi təqdim edilib.
Araşdırma əsasən laboratoriya şəraitində və heyvanlar üzərində aparılıb. Alimlərin bildirdiyinə görə, təcrübədə iştirak edən siçanlarda immun cavabın formalaşdığı, anticisimlərin səviyyəsinin artdığı müşahidə olunub. Bununla belə, tədqiqatçılar vurğulayır ki, söhbət adi pivə içkisindən yox, alkoqolsuz və xüsusi elmi məqsədlər üçün hazırlanmış bioloji məhluldan gedir.
Mütəxəssislər bu yanaşmanın gələcəkdə peyvəndlərin saxlanması və daşınması ilə bağlı problemlərin həllində alternativ rol oynaya biləcəyini istisna etmirlər. Lakin metodun insanlar üzərində tətbiqi üçün hələ uzunmüddətli klinik sınaqlara və etik icazələrə ehtiyac olduğu bildirilir. Alimlər qeyd edirlər ki, bu texnologiya hazırda yalnız eksperimental mərhələdədir.
Mənbə: mail.ru
