Mədəniyyət

Plastik əməliyyat

Alo, salam. Sən hələ evdəsən? Mən də deyirəm ki, sən artıq əməliyyatdan çıxmısan. Ərin qoymadı? Niyə? Deyir sən belə də gözəlsən. Yalansa, qırmızı yanaq, düz ayaq, incə bel görən kimi ürəkləri gedir. Mənimki də baş-qulağımı dəng eləmişdi ki, mənə sənin burnun belə də xoşdur. Onun sözünə baxan kimdir, kəsdirdim. İndi tamaşasını iki göz istəyir. Düzdür, yatanda bir az burnum tutulur. Doktor deyir ki, gəl bir də kəsim. Gələn həftə ayaqlarımı düzəltdirəndə burnuma da bir əl gəzdirəcək. Ayaqlarımı düzəldəndən sonra, istəyirəm qulaqlarımı da kəsdirim. Mən axı şəlpəqulağam, saçlarımın altında gizlədirəm. Ərə gələnə kimi Baloğlan da qulaqlarımı görməmişdi. Toy gecəsi gördü. Adamın Allahı var, bir söz demədi, amma bir az ürpəşdi. Bizim zamanda plastik əməliyyat yox idi. İndiki qızlar ərə getməzdən öncə nə əyər-əksikləri var düzəltdirib sonra ərə gedirlər.

Sırağa gün qonşumuz Mənzərə altımış beş yaşında ərə getdi. Üzünü dartdırdı, dodaqlarını şişirtdi, qarnını yığdırdı, oldu iyirmi beş yaşında cuvanəzən. O gün yanımdan keçdi, tanımadım. Sənin ərin XX əsrdən qalmadır. İndi XXI əsrdir. Xaricdə arvad- kişi, hamı bir ucdan nəyi artıqdır kəsdirib atır, nəyi yoxdur əlavə etdirir. Qadınlar özlərinə elə büstlər qoydururlar ki, Madonnanın büstü onun yanında yalandır. Yox, mənə büst lazım deyil. Büstümə nə gəlib?! Büstüm yerindədir.

O gün internetdə oxumuşam ki, amerikanlar insanların beynində əməliyyat aparırlar, kimin ağlı azdırsa, ağıl qoyurlar. Bizim kişiləri Amerikaya göndərmək lazımdır, bəlkə ağıllanarlar. Düz deyirsən, ağıllı kişi də bir şey deyil. Sonra bütün günü filosofluq edəcək. Kişidə elə bir balaca pərsəng aparsa yaxşıdır. Ay qız, sən bir dil ilə ərini yola gətir, get burnunu kəsdir, nə qədər qiymətlər qalxmayıb. Qozbeli qəbir düzəldər? İndi cərrahlar qəbrə qədər düzəldirlər, qəbrə ehtiyac qalmır. Qozbellər düzələr amma bizim kişi çətin düzəlsin.

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Qobustanda vətəndaşları qəbul edəcək

Bugün TV

ARKA müvafiq fəaliyyətlərinə start verib

Aynur Camal

Bu gün Fikrət Əmirovun anım günüdür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu