Pnevmoniya keçirən insanların sağalma prosesini daha dəqiq izləməyə və fərdi bərpa proqramı hazırlamağa kömək edən yeni rəqəmsal sistem hazırlanıb. Proqram xəstənin tibbi göstəricilərini təhlil edərək hansı istiqamətdə müalicə və reabilitasiyaya ehtiyac olduğunu müəyyənləşdirməyə imkan verir.
Bugun.tv xəbər verir ki, bu barədə “Mail.ru” portalı TASS-a və Rusiyanın Elm və Ali Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
“Pneumonia Profiles” adlanan proqram Rusiyanın Uzaq Şərq Tənəffüs Fiziologiyası və Patologiyası Elmi Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Sistem 35 tibbi göstəricini avtomatik təhlil edir və xəstənin vəziyyətini dörd əsas istiqamət üzrə qiymətləndirir: iltihabi proseslər, ağciyərlərin fəaliyyəti, ürəyin vəziyyəti, əzələ zəifliyi və ümumi halsızlıq.
Tədqiqatçılar təxminən 300 pasiyent üzərində iki il ərzində aparılan müşahidələrin nəticələrindən istifadə ediblər. Araşdırma göstərib ki, pnevmoniyadan sonra hər kəsin bərpa prosesi eyni şəkildə getmir. Bəzi insanlarda nəfəsalma və oksigen mübadiləsi, digərlərində ürək fəaliyyəti, bəzilərində isə əzələ zəifliyi ilə bağlı problemlər qala bilir.
Yeni sistem həkimlərə təyin olunan prosedurların nəticəsini izləməyə və reabilitasiya planını xəstənin vəziyyətinə uyğunlaşdırmağa kömək edir. Proqram Rusiyada dövlət qeydiyyatından keçib və elmi-tədqiqat mərkəzləri ilə klinikalarda tətbiq üçün hazır olduğu bildirilir.
Mütəxəssislər vurğulayırlar ki, xəstəxanadan çıxmaq həmişə tam sağalma demək deyil. Buna görə də pnevmoniyadan sonrakı bərpa dövrünün tibbi nəzarətdə saxlanılması vacibdir.
Mənbə: mail.ru
