Böyük Britaniyanın paytaxtı Londonda narkotik qaçaqmalçılığına qarşı keçirilən əməliyyat zamanı portağal yeşiklərinin içərisində gizlədilmiş böyük həcmdə kokain aşkarlanıb. Polis ümumilikdə 893 kiloqram narkotik maddə müsadirə edib, əməliyyatla əlaqədar səkkiz nəfər saxlanılıb.
Bugun.tv xəbər verir ki, Londonun şərqində yerləşən New Spitalfields topdansatış bazarında noyabrın 22-si axşam saatlarında keçirilən əməliyyat zamanı portağal yeşiklərinin arasında gizlədilmiş narkotik maddələr aşkar edilib. Hadisə yerində 27–58 yaş aralığında beş kişi narkotik vasitələrin qanunsuz satışı ilə bağlı əlbir olmaqda şübhəli bilinərək saxlanılıb.
Polis bazarın yaxınlığında üzərində təxminən 100 kiloqram şübhəli narkotik maddə olan daha bir 44 yaşlı şəxsi də tutub.
Əməliyyat digər əraziləri də əhatə edib
Araşdırma çərçivəsində Hertfordşir qraflığının Çeşant şəhərindəki evdə axtarış aparılıb. Burada 48 yaşlı kişi saxlanılıb və təxminən 450 min funt sterlinq nağd pul götürülüb.
Bundan başqa, Kent qraflığının Meydston şəhəri yaxınlığında dayandırılan yük avtomobilində təxminən 250 kiloqram şübhəli kokain aşkarlanıb. 50 yaşlı sürücü də saxlanılıb.
London polisi müsadirə edilən narkotiklərin dəyərinin milyonlarla funt sterlinq təşkil edə biləcəyini bildirib. Saxlanılan səkkiz nəfərin hamısı hələlik polis nəzarətindədir. Araşdırma davam etdirilir.
Mənbə: mail.ru
