27 C
Baku
26 İyul 2025, 7:55
Baş xəbərSəhiyyə

Prezident İlham Əliyev Şuşa şəhər xəstəxanasının tikinti işləri ilə tanış oldu-FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.

Bugun.tv xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova məlumat yayıb.

3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət və sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.

Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.

Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – 1.5 TL maqnit-rezonans tomoqrafiya və 32 kəsikli kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq. Stansiyada hər növbədə dörd briqada fəaliyyət göstərəcək.

Şuşa şəhər xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunacaq.

Qeyd edək ki, əhalinin sağlamlığı daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə də tibb və səhiyyə xidmətlərinin təşkili və həyata keçirilməsi üçün qısa bir müddətdə genişmiqyaslı işlər həyata keçirilir. Təməli qoyulan Şuşa şəhər xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə icra olunan infrastruktur layihələrindən biridir. Bu, həm də onu göstərir ki, azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Güclü yağış nəticəsində ölənlər oldu

Aynur Camal

Bir hərbi qulluqçumuz yaralandı

Aynur Camal

Qubada “Aprel döyüşləri şanlı tariximiz” adlı tədbir keçirilib.

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu