Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək abidənin önünə əklil qoyub və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.
Prezidentin rəsmi internet səhifəsində yayımlanan təbrikdə dövlət başçısı Azərbaycan xalqını və Silahlı Qüvvələri Zəfər Günü münasibətilə təbrik edib.
İlham Əliyev 44 günlük Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin xatirəsini ehtiramla yad edib, hərbçilərin qəhrəmanlığını, rəşadətini və fədakarlığını xüsusi vurğulayıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək 300-dən çox şəhər və kəndi döyüş meydanında işğaldan azad edib. Həmin yaşayış məntəqələrində Azərbaycan bayrağı qaldırılıb və nəticədə Ermənistan noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur olub.
Prezident vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir və bu Zəfər gələcək nəsillərin də qürur duyacağı tarixi hadisə kimi xalqımızın yaddaşında əbədi yaşayacaq.
