Baş xəbər

8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının tarixə qızıl hərflərlə yazdığı Qələbədən 6 il ötür

Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli və qürurverici səhifələrindən birini – 8 Noyabr Zəfər Gününü qeyd edir.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən altı il ötür

Bu gün yalnız hərbi uğurun deyil, xalqın birliyinin, milli iradəsinin, Vətən sevgisinin və illərlə davam edən torpaq həsrətinin sona çatmasının rəmzidir.

Bugun.tv xəbər verir ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə tarixi dönüş nöqtəsinə çatdı. Məhz həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azad olunduğunu elan etdi. Bu xəbər ölkənin hər yerində böyük sevinc və qürur hissi ilə qarşılandı.

Şuşanın azad edilməsi 44 günlük müharibənin taleyini həll edən mühüm hadisələrdən biri oldu. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti, xalqımızın həmrəyliyi tarixi Qələbənin əsasını təşkil etdi.

Prezidentin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi.

Zəfərin arxasında dayanan böyük fədakarlıq

Bu Qələbənin arxasında Vətən uğrunda canından keçən minlərlə qəhrəmanın qanı, yaralanaraq sağlamlığını itirən qazilərimizin fədakarlığı və illərlə doğma yurdlarından ayrı düşən insanların bitməyən həsrəti dayanır. Zəfər Günü həm də şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə minnətdarlığımızı bildirmək günüdür.

Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir. Bir zamanlar həsrət qalan yurd yerlərində yenidən həyat canlanır, yeni yaşayış məntəqələri, yollar və sosial infrastruktur yaradılır.

Zəfər bir tarix, Şuşa isə bu tarixin rəmzidir

Bu gün Şuşa yalnız azad edilmiş şəhər deyil, milli ruhumuzun, mədəniyyətimizin və tarixi yaddaşımızın rəmzi kimi xüsusi məna daşıyır. Altı il əvvəl onun azad edilməsi ilə xalqımızın yaddaşına əbədi həkk olunan yeni tarix yazıldı.

8 Noyabr bizə bir daha xatırladır ki, Vətən sevgisi, birlik və milli iradə ən çətin sınaqlardan belə qalib çıxmağa qadirdir.

Zəfər Günün mübarək, Azərbaycan!

Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə sağlam və uzun ömür arzulayırıq. Bu qürur, bu birlik və bu Zəfər gələcək nəsillərə əmanətdir.

Yaşasın müstəqil, bütöv və qalib Azərbaycan!

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Şuşanın iqtisadiyyatı Zəfərdən sonra 44 dəfə böyüyüb

Aynur Camal

100 il – Televiziya və radio işçilərinin peşə bayramıdır

Aynur Camal

Bakıda “Zəfərdən doğan günəş” adlı tədbir keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu