19 C
Baku
8 Sentyabr 2024, 3:22
Baş xəbərSosial

“Problemlərimiz həll olunmur” – Gəncə sakinləri şikayət etdi -FOTO + VİDEO

Bugun.tv xəbər verir ki, Gəncənin Vəli Xuluflu küçəsinin sakinləri onları narahat edən problemlərdən şikayətçidirlər. Bildirirlər ki, yolları bərbad vəziyyətdədir. Yaşayış massivinin yaxınlığındakı arxdan isə məişət tullantılarının atılması məqsədi ilə istifadə olunur. Sakinlər üfunət iyinin dözülməz olduğunu deyirlər. Sözügedən  məsələlərlə bağlı aidiyyatı qurumlara bildirsələr də, problem həll edilməyib.

“Küçələrimiz də bərbad haldadır, binalar da. Heç vaxt təmir olunmayıb. Dəfələrlə müraciət etmişik. Zirzəmilərə üfunət iyindən girmək olmur. Kanal var. Heç ildə bir dəfə içini təmizləmirlər”. “Yollarımız çox bərbad vəziyyətdədir. Su-kanalizasiya xətlərinin çəkilişindən sonra yollar çöküb. Kanallar bu vəziyyətdədir. Maraqlanmırlar ki, bu yollardan sizin şikayətiniz varmı, yoxmu?”. “Məktəbin yolu bərbad gündədir. Üç tərəfdən yol gəlir – üçü də bərbad gündədir. Camaatın balaları məktəbə gəlirlər. Gələnə kimi dizlərinədək palçıq olurlar.”

Qeyd edək ki, Vəli Xuluflu küçəsində 300-ə yaxın sakin yaşayır. Ərazidə cəmi bir orta məktəb var. Ətrafdakı 4 yaşayış binasının məktəbliləri bu diqqətdən kənar tədris müəssisəsində oxuyurlar. Məktəb sovetlər dönəmində inşa olunub. Təmirə ehtiyacı var.

Sakinlərin sözügedən problemləri ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. Qurumdan bildirdilər ki, hazırda şəhərdə “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Küçə, qəsəbə və məhəllədaxili yollarının asfaltlanması da şəhərin içməli su və çirkab su xətləri sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilir. Layihə çərçivəsində Gəncə şəhərinin V.Xuluflu küçəsində də yenilənmə işləri aparılıb. Gələcəkdə asfalt örtüyünün yenidən qurulması da nəzərdə tutulub.

“Bununla yanaşı, bildiririk ki, sözügedən ərazidə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən hər gün təmizlik işləri aparılır. V.Xuluflu küçəsindən keçən su arxında sözügedən qurumun işçiləri tərəfindən təmizlənmə işləri aparılıb. Lakin ərazidə yaşayan sakinlər, burada yerləşdirilən zibil konteynerlərindən istifadə etmək yerinə, məişət tullantılarını su arxına atırlar. Bu da ərazinin çirklənməsinə və burada anti-sanitar vəziyyətin yaranmasına səbəb olur”.

Məktəbin azlığı məsələsinə gəlincə, qeyd olunan ərazinin yaxınlığında bir neçə ümumtəhsil məktəbi yerləşdiyindən, hazırda yenisinin tikintisi nəzərdə tutulmur.

Mövzuya yenidən qayıdacağıq.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

İsrail gecə saatlarında Qəzzanı bombalayıb

Aynur Camal

HDQ-də reyd toplantısı keçirilib – VİDEO

Aynur Camal

Dmitri Peskov: “Üçtərəfli razılaşma həyata keçirilməlidir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu