Rusiya prezidenti Vladimir Putin Qəzza zolağında Fələstinin müqavimət təşkilatı və siyasi partiyası Həmas tərəfindən bir ildən çox girovluqda saxlanıldıqdan sonra azad edilən rus əsilli israilli Aleksandr Trufanovla görüşüb və Trufanovu İsrailin hücumlarından qoruduğuna və onu azad etdiyinə görə HƏMAS-a təşəkkür edib.
Kreml lideri Trufanovun azadlığa buraxılmasına görə HƏMAS-a təşəkkür edib və bunun Rusiyanın Fələstin xalqı ilə möhkəm münasibətlərinin nəticəsi olduğunu vurğulayıb.
“Allaha şükür ki, sağsan, sağ-salamat buradasan”. Putin bu sözləri çərşənbə günü axşam görüşü zamanı 30 yaşlı Aleksandr Trufanova deyib. Trufanov 498 gün əsirlikdə olduğunu bildirib. İsrail qeydlərində Saşa Trupanov kimi qeyd olunan Trufanov fevral ayında azadlığa buraxılıb.
Trufanovun həyat yoldaşı, nənəsi və anası Yelena da müharibənin ilk atəşkəsi zamanı, yəni 2023-cü ilin noyabrında əsirlikdən azad edilib. Lakin onun atası Vitali Trupanov oktyabrın 7-də baş verən hücumda həlak olub.
Trupanovlar ailəsi 1990-cı illərin sonunda Rusiyadan İsrailə mühacirət edib.
Trufanov hələ də əsirlikdə olan girovların azad edilməsində Putindən kömək istəyib və onları “mənim qardaşlarım” adlandırıb.
“Onlar orada olduqları müddətdə ürəyimin yarısı hələ də Qəzzada olduğunu hiss edirəm. Onlar orada olduqları müddətdə adi həyatıma qayıtmaq mənim üçün çox çətin olacaq”. Trufanov deyib və Putinə belə müraciət edib:
“Cənab Putin, sizdən əvvəllər mənim üçün və digər məhbuslar üçün göstərdiyiniz səyləri davam etdirməyinizi xahiş edirəm… Qoy onlar da mənim kimi azad və xoşbəxt olsunlar”.
Putin isə “Biz mütləq bunun üzərində işləyəcəyik” cavabını verib.
Putin həmçinin bəyan edib ki, Trufanovun azad edilməsi “Rusiyanın bu illər ərzində Fələstin xalqı ilə sabit münasibətlərinin nəticəsidir”.
“Bu məqamda HƏMAS-ın siyasi qanadına və rəhbərliyinə təşəkkür etmək lazımdır. Onlar bizim xahişimizə qulaq asaraq humanitar addım atdılar və sizi azad etdilər”, – Putin bildirib.
Trufanov fevralın 15-də azad edilib.
Bu arada Rusiya hələ də əsirlikdə olan daha bir Rusiya-İsrail vətəndaşı Maksim Herkinin azadlığa buraxılması tələbini davam etdirir. 35 yaşlı Herkin 7 oktyabr hücumlarında musiqi festivalından qaçırılıb.
Həmas aprel ayında Herkinin sağ olduğunu göstərən bir video yayımlanmışdı.
Mənbə: Ahaber