Bugun.tv xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin 7 oktyabrda qeyd etdiyi doğum günləri ərzində ona dövlət başçıları və rəsmi şəxslərlə yanaşı, adi vətəndaşlar tərəfindən də müxtəlif qeyri-adi hədiyyələr təqdim olunub.
Bu il Tver vilayətindən olan ustalar prezident üçün qusli adlı qədim rus musiqi aləti hazırlayıblar. Yerli sənətkarlar bildiriblər ki, hədiyyəni ailə yadigarı kimi hazırlamaq istəyiblər.
Putinə 2000-ci ildə, 48 yaşı tamam olarkən rəssam Zinaida Sotina tərəfindən “Danae” adlı rəsm əsəri hədiyyə edilib. Mənbənin məlumatına görə, Putin bu əsəri hələ 1994-cü ildə Frankfurt-Mayndakı sərgidə görmüşdü.
2002-ci ildə prezidentin 50 illik yubileyi münasibətilə Kursk sakini Nadejda Baçurina onun üçün təxminən 50 metr uzunluğunda şərf toxuyub. Şərfin hazırlanmasına bir neçə ay sərf olunub və təxminən 200 top rəngli yun istifadə edilib.
Həmin il Putinə “Putin haqqında 100 lətifə” adlı kitab və Kalininqrad vilayəti sakinləri tərəfindən üzərində müxtəlif təsvirlər olan bəzəkli dəvəquşu yumurtası da təqdim edilib.
2008-ci ildə isə prezidentə iki aylıq Ussuriya pələngi balası hədiyyə olunub. “Maşa” adı verilən heyvan sonradan Gelencikdəki safari-parkda yerləşdirilib.
2012-ci ildə alimlər Putinə Antarktidada buz örtüyü altında yerləşən relikt göldən götürülmüş su veriblər. Həmin su mediada “dinozavrlar dövründən qalan su” kimi təqdim olunub.
2014-cü ildə Arxangelskdə prezidentə üzərində “Hər şey yüz faizlik olacaq” ifadəsi yazılmış bəzəkli daşqaldırma aləti hədiyyə edilib. 2016-cı ildə isə Altay sakini onun yaşına uyğun olaraq prezidentə 63 kiloqram bal göndərib.
Sonrakı illərdə Putinə alma və alma tingləri, məktəblilərin hazırladığı Rusiya himninin audioyazısı və cizgi filmi də təqdim olunub.
Mənbə: VFokus Mail.ru
