Bugun.tv xəbər verir ki, Çinin şimal-qərbində yerləşən Qobi səhrasında qədim uçan sürünənlərin fosillərini nümayiş etdirmək üçün qeyri-adi memarlıq quruluşuna malik Hami Pterozavr Muzeyi yaradılıb. “The Guardian” nəşrinin oktyabrın 16-da dərc etdiyi məlumata görə, muzey həm elmi əhəmiyyəti, həm də ətraf mühitə uyğun layihələndirilməsi ilə diqqət çəkir.
Muzeyin əsas hissəsi yerin altındadır
Təxminən 8 min kvadratmetr sahəsi olan binanın böyük hissəsi yerin 8 metr dərinliyində yerləşir. Bu yanaşma yayda yüksək temperaturdan, qışda isə sərt soyuqdan qorunmağa kömək edir. Bölgədə yay aylarında havanın temperaturu 55 dərəcəni, yer səthinin temperaturu isə 80 dərəcəni ötürə bilir.
Muzeyin beş sərgi zalında yüzlərlə fosil nümayiş etdirilir. Onların arasında təxminən 130 milyon il əvvəl yaşamış pterozavrların qalıqları da var. Bu qədim uçan sürünənlərin bəzi fosillərində çənə quruluşu və baş hissəsindəki yumşaq toxumaların izləri qorunub saxlanılıb.

Günəş enerjisi və təbii işıqlandırma
Binanın layihəsində təbii işıqlandırma sistemlərindən, havalandırma kanallarından və günəş enerjisindən istifadə edilib. Layihə müəlliflərinin hesablamalarına görə, bu quruluş adi yerüstü bina ilə müqayisədə kondisioner üçün sərf olunan elektrik enerjisini 94 faizədək azalda bilər.
Muzeyin yaxınlığında yerləşən günəş enerjisi sahəsinin ildə 22,4 giqavatt-saatdan çox elektrik istehsal etməsi gözlənilir. Bundan başqa, binada istifadə olunmuş suyun təkrar emalı sistemi də qurulub.
Mütəxəssislər hesab edirlər ki, bu layihə sərt iqlim şəraitində tikililərin təbiətlə uyğun şəkildə layihələndirilməsinin uğurlu nümunəsidir.

Mənbə: The Guardian
